Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Muxtar respublikada yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək, Qanlı Yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. Vurğulanıb ki, Şura olaraq hər zaman şəhid ailələrinin yanında olub onlara qayğı göstərir və bu istiqamətdə reallaşdırılan bütün məsələlərə xüsusi diqqətlə yanaşırıq.

Sonra Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev çıxışında bildirib ki, 20 Yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, mübarizə əzmini bütün dünyaya bəyan etdi. Digər çıxış edənlər də xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcının məhz 20 Yanvar gecəsi qoyulduğunu qeyd ediblər.

Sonda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə maddi yardım olunması üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin Qərarı oxunub. Qərarda Naxçıvan Muxtar Respublikasında yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvlərinə müvafiq məbləğdə maddi yardım göstərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: