Komitədə kiberhücumlara qarşı mübarizə ilə bağlı tədbir olub - FOTOLAR
Yanvarın 16-da Naxçıvan Muxtar Respulikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN--a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova mövzunun əhəmiyyətdən danışıb. Bildirilib ki, rəqəmsal dünyada informasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Kiberhücumlar fərdi şəxslərdən tutmuş dövlət qurumlarına və böyük şirkətlərə qədər geniş miqyasda təhlükə yaradır. Məhz buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür. Bu istiqamətdə maarifləndirmənin də mühüm rolu vardır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili, polis kapitanı Əli Qasımlı, Naxçıvan Dövlət Universitetinin şöbə müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin bölmə rəhbəri Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər. İnformasiya sistemlərinin müasir çağırışlara yönəlmiş kiberhücum və təhdidlərə qarşı dayanıqlı mühafizə sistemlərinin qurulmasından danışılan tədbirdə sosial şəbəkələrdən istifadə zamanı informasiya təhlükəsizliyinə riayət olunması, kart məlumatlarının qorunması, kiberhücumlara qarşı mübarizə tədbirləri və digər mövzularda ətraflı məlumat verilib.
Diskussiya şəraitində keçən tədbirdə Komitə əməkdaşlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.