Ümummilli lider Heydər Əliyev, Azərbaycan xalqının və dövlətinin inkişafında müəllimlərin rolunu daim vurğulayaraq, onların əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram”. O, hər zaman müəllimləri yalnız təhsil verən insanlar kimi deyil, həm də gələcəyin qurucuları, cəmiyyətin təməl daşları olaraq görüb.
Müəllimlər yalnız dərs keçən, dərslikləri şərh edən insanlar deyillər. Onlar həyatımıza, düşüncə dünyamıza və şəxsiyyətimizin inkişafına böyük təsir göstərirlər. Bir müəllimdən daha çoxu olmaq, sadəcə bir fənni öyrətmək deyil, eyni zamanda insanı, cəmiyyəti və həyatı anlamağa kömək etməkdir. Hər bir şagirdə, öz potensialını kəşf etməyi, xəyal etməyi, çətinliklərlə mübarizə aparmağı, gələcəyini qurmaqda yol göstərməyi öz vəzifə borcu olaraq görən də elə müəllimlərdir. Onun bir sözü, bir baxışı, bir davranışı hər şeyi dəyişə bilər. Çünki müəllim, həm də bir psixoloq, bir həyat müəllimi və bir məsləhətçidir. Bir baxışı ilə əzm və inam bəxş edər.
Müəllimlik nümunəsi
Daha çox rəhbərə, yol göstərənə bənzəyir şagirdlərinin gözündə Rəvanə Mustafayeva!. Onun hər sözü, hər davranışı, tədris etdiyi mövzuların kənarında bir insanı anlamaq və inkişaf etdirmək məqsədi güdür. O, sadəcə müəllim deyil, şagirdlərinin həyatına toxunaraq, onların dünyagörüşünü zənginləşdirən bir şəxsiyyətdir. Şagirdlər Rəvanə müəllimi yalnız biliklərdən bəhs edən, dərsləri maraqlı və əyləncəli edən bir müəllim olaraq yox həm də ilham mənbəyi kimi görürlər. Onun dərslərində həm həssaslıq, həm də yüksək peşəkarlıq var. Bu balans, şagirdlərin ona olan hörmət və inamını daha da artırır. Hər bir şagirdi özünə inandırmağı bacarır, çünki o, hər bir fərdin dəyərini, bacarığını və potensialını görür və bunu onlara göstərir. “Daha yaxşısı mümkündür”. Bu kimi sözləri ilə şagirdinin istedadını kəşf edərək ona "bu sənə aiddir" deyib özünə güvənməsini təmin edir, cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir, onları düşünən, hiss edən və hərəkət edən fərdlər kimi tərbiyə edir. Müəllimin təhsili, bir millətin gələcəyinin əsasını təşkil edir. Və bu səbəbdən müəllimlər, cəmiyyətdə əvəzsiz dəyərə malikdirlər.
İllərin təcrübəsi
Onların gözündə Rəvanə müəllim həm dost, həm də məsləhətçidir. O, şagirdlərin təkcə dərslərdə yox, həyatda da qarşılaşdıqları bütün çətinliklərdə yanında olur. Onun hər bir şagirdinə göstərdiyi diqqət və qayğı, bir müəllimin öhdəsindən gələ biləcəyi ən yüksək mərhələdir. O, şagirdlərinə dürüstlüyü, əməksevərliyi, səbr və özgüvəni öyrədir. Rəvanə Mustafayeva, sadəcə bir müəllim olaraq yox, həm də bir insan olaraq şagirdlərinin həyatına dərin izlər buraxır. Onun hər bir şagirdi, gələcəkdə qarşıya çıxan bütün çətnliklərdə müəlliminin ona verdiyi gücü xatırlayaraq mübarizə aparacaq. O, öz sözləri ilə olduğu kimi, öz davranışları və şəxsiyyəti ilə də şagirdlərini formalaşdıran bir insandır...
Onun sinifi, bir bilik məkanı olmaqla yanaşı, həm də uşaqların bir-birini tanıdığı, hörmətin kök saldığı, dostluqların gücləndiyi bir məkana çevrilib. Beləliklə, uşaqlar yalnız dərslərdəki mövzuları öyrənmir, həm də özlərini taparaq, sosial münasibətlərdə doğru addımlar atırlar, bunu müşahidə etmək o qədər də çəyin deyil. Burada hər bir şagirdin fərdi inkişafı, sosial bacarıqları və emosional vəziyyəti diqqətlə izlənilir və dəstəklənir. Axı, hər şagirdin dostluq və əməkdaşlıq yolunda doğru addımlar atması üçün onlar daim təşviq edilir. Sinifdən çıxan hər bir şagirdin, həm möhkəm biliklərlə, həm də dərin dostluqlarla həyatlarına davam edəcəyinə inanmaq olar.
Səma Hüseynli
Naxçıvan televiziyasının əməkdaşı