Bu fikirləri jurnalist Anar Rəsul özünün "Facebook" hesabında paylaşıb
NUHÇIXAN-ın məlumatına görə paylaşımda deyilir:
"Bu gün hörmətli Sahil Tahirlinin dəvəti ilə Naxçıvan televiziyasının hazırladığı "Sədərəkdən Şuşaya" sənədli televiziya filminin Bakıda keçirilən ilk baxışında iştirak etdim. Əvvəlcə Sahil müəllimə dəvəti üçün təşəkkürümü bildirirəm. Filmə gəldikdə isə ancaq bir söz deyə bilərəm ki, son dövrlərdə izlədiyim filmlər içində ən mənalı, ən dəyərlilərindən idi. Ustad Hüseyn Əsgərovun 35 il öncə hazırladığı süjetdən yol alınaraq bu günə qədər keçən mübarizə yolunu, qələbəyə inamı, dövlətə, millətə etibarı, qəhrəmanlıq salnaməsini uzun illərin sınağından keçmiş arxiv rəflərindən çıxarıb Şuşada tamamlamaq ancaq peşəkarlara məxsus işdir ki, bunu da doğma NTV bacarıb. Filmin qəhrəmanının belə heç gözləmədiyi anda bu mövzuya müraciət etmək təqdirəlayiqdir. Film haqqında üstüörtülü danışmağımın tək səbəbi var, səbir edin, filmə baxın. O zaman sizin film barədə məndən də yaxşı yazacağınıza əminəm.
Bu tədbir mənim üçün həm də ona görə yaddaqalan və dəyərli idi ki, uzun illərdir, görüşməyən dəyərli insanları bir araya gətirmişdi. Var ol, Naxçivan televiziyası, çox sağ ol, Sahil Tahirli".