Qan yaddaşımız 20 yanvar

A- A A+

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 35 il ötür. 1990-cı il 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 1990-cı ilin 20 Yanvarı ölkəmizə qarşı ərazi iddialarını irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq öz etirazlarını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi, Azərbaycanda misli görülməmiş qətliyama gətirib çıxardı. Keçmiş SSRİ hərbi texnika və əsgərlərinin həmin gün azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara ləkə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, Əhaliyə qarşı kütləvi terror aktı nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətgar üzünü bütün dünyaya bir daha nümayiş etdirdi. 1941-1945-ci illərdən tanıdığımız sovet ordusu və həmin illərdə azadlıq mübarizəsinə qoşulmuş xalqımızın, qəhrəman igid oğullarımızın və sovet ittifaqına adını qızıl hərflərlə yazdırmış qəhrəmanlarımızın da Böyük Vətən Müharibəsi dövründə tərkibində olduğu ordunun bizə qarşı amansızlıq edəcəyinə heç kim inanmırdı. Sovet Ordusunun böyük kontingentinin və xüsusi təyinatlı bölmələrinin də daxil olduğu dəstələrin Bakıya yeridilməsi xüsusi qəddarlıq və tarixdə görülməmiş vəhşiliklə müşayət olundu. Kommunist diktaturasının Çexslavakiyada, Macarıstanda və Əfqanıstanda həyata keçirdiyi hərbi müdaxilələri hətta o zamankı sovet ittifaqıın müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinməməsi xalqın haqlı mübarizəsinin yerində atılan addım oluduğunun və bu qəddar rejimin tərkibindən çıxmaqla düzgün qərar verdiyinə bir daha şahid oldu. Belə bir şəraitdə sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün hec bir qəti təbir görməmiş, əksinə Azərbaycana yeridilən ordunun tərkibinə Stavropol, Krasnadar, Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərin, sovet hərbi hissələrində xidmət edən erməniləri və hətta erməni kursantları belə daxil etmişdir. Beləliklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu və onun tərkibində olan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Sovet qoşunlarının təcavüzü nəticəsində ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəlində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir. Ulu Öndər bu hadisəni hüquqa, demokratiyaya yad, hümanizmə və ölkədə elan olunmamış hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Yalnız xalqın təkidli tələbindən sonra Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman şəhidlərimizin özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycan müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ulu Öndər şəhidlər xiyabanının Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib və bu istiqamətdə əhəmiyyətli dərəcədə işlərin davam etdirilməsinə də şəxsən nəzarət edir.

Vüsal Məmmədzadə

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: