"Bu sənədli film Vətənə xidmətin bariz nümunəsidir" - FOTOLAR

A- A A+

Bu fikirləri "Turan Araşdırma Mərkəzi" İB-nin sədri Cavid İsmayıl özünün "Facebook" hesabında paylaşıb

NUHÇIXAN-ın məlumatına görə paylaşımda deyilir:

Yanvarın 18-də "Park Cinema" - "Park Bulvar"da "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirlinin layihə və ssenari müəllifi olduğu "Sədərəkdən Şuşaya" sənədli televiziya filminin təqdimatı oldu.

Bu gün o ağrılı -acılı, eyni zamanda şərəfli günlərdən düz 35 il keçir.

Bir igidin ömrüdür 35 il. Lakin elə bil, bir göz qırpımında keçdi bu illər.

Çox ağır günlər idi. Bir tərəfdən ulu türk yurdu, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın Ermənistanla bütün sərhədləri istiqamətində mənfur, quldur ermənilər qanlı Moskvanın maddi-mənəvi və birbaşa hərbi dəstəyi ilə var gücü ilə hücuma keçmişdilər. O biri tərəfdən isə ozamankı Azərbaycan Respublikasının satqın, mərkəzi Moskvanın müti qulları olan rəhbərlərinin Naxçıvana qarşı nifrət dolu xəbis xisləti. Digər tərəfdən də, qazsız, susuz, elektrik təchizatı çökmüş, ciddi ərzaq və tibbi ləvazimatlar çatışmazlığı ilə yanaşı, demək olar ki, dəhşətli şaxtalı hava şəraitində silahsız-sursatsız, lakin şərəfli, qorxmaz, cəsur, şərəfinə sarılmış, Vətən uğrunda canını fəda verməyə hər an hazır olan naxçıvanlılar.

Bu filmin qəhrəmanı, ozamankı döyüşlərə 3 uşağını evdə qoyub, qəhrəman oğullara qoşularaq cəbhəyə gedən, qəhrəman Azərbaycan qadını Nəzifə Qaybalıyevadır.

Film başlamamış qonaqlar gəlməyə başladı. Dostlarla oturduqda dəvətlilər arasında 1988-ci ildən rus imperiyasına və məkrli – satılıq maşası olan ermənilərə qarşı çiyin-çiyinə mübarizə apardığım, bir səngərdə quru çörəyi paylaşdığım iki səngər dostumu gördüm. Bunlardan biri Faiq Zülfüqarov, digəri isə Mirələsgər Seyidov idi. Film başladı.

Filmdə Mirələsgərin əbədiləşdirdiyi tarixi fotolardan istifadə edilmişdi. Filmə baxarkən ani olaraq ozamankı şaxtalı, soyuq səngərlər, atəş altında qeyrətli oğulların qurd baxışları, "Vətənə canımız fəda", – deyən səsləri, "Ölərik, geri çəkilmərik", – deyən qürurlu duruşları bir daha göz önümdən keçdi. Bu fotolara baxarkən şəhid döyüş dostlarımızı gördükdə bir an qəhərləndim. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Film bitdi, ovaxtkı tibb bacımızla (ona "el qızı" deyərdik), səngər dostlarımla görüşdük. O zamanlar mənim 17-18 yaşım var idi. Mənə də maraqlı idi, dedim görüm bu gün o şux qamətini itirən, xeyli yaşlaşan, əlində asası olan el qızımız məni tanıyırmı? Görüşərkən dedi ki, dayan, sənə də kömək etmişəm, sən… elə bu zaman polkovnik Abdulla Qurbani dedi ki, Caviddir, professor Əjdər İsmayılovun oğlu, partizan Tağı-Tağı dayının nəvəsidir (Babam Tağı İsmayılov erməni daşnaklarına qarşı partizan dəstəsi yaradaraq mübarizəyə qalxıb). Qucaqlaşdıq, ayaq üstü az da olsa, dərdləşdik, hal-əhval tutduq.

Keçmiş silahdaşları, dostları da bir daha xatırladıq.

Hörmətli Sahil müəllim, ilk olaraq məni bu tədbirə dəvət etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda siz başda olmaqla peşəkar komandanızla təqdim etdiyiniz bu sənədli film Vətənə xidmətin bariz nümunəsidir.

Əfsuslar olsun ki, insanlarımız unutqanlığa meyillidir. Elə mənfur düşmənlərimiz də bizim unutqanlığımızdan zaman-zaman istifadə edərək hər fürsət düşdükdə başımıza min bir müsibət açıblar. Belə xidmətlər gənc nəslin dədə-baba kökünə bağlı, vətənpərvər və məğrur yetişməsinə xidmət etməklə, tariximizin gerçək simasını olduğu kimi qoruyub saxlayır.

Naxçıvan Televiziyasının 44 günlük savaş öncəsi Asim Yadigarın “Döyüş əmri ver mənə, Ali Baş Komandanım” şeirinə hazırladığı videoçarx da 44 günlük müqəddəs savaş öncəsi çox dəyərli bir işlərdən idi.

Elə bu yerdə Türk dünyasının atası Mustafa Kamal Atatürkün bu sözlərini xatırladım: “Vətənini ən çox sevən, işini yaxşı görəndir”.

Sizə və bütün kollektivinizə bu xidmətlərə görə təşəkkür edir və Vətənə xidmətdə sizə daima uğurlar arzu edirəm.

Hörmətlə, Cavid İsmayıl.

"Turan Araşdırma Mərkəzi" İB-nin sədri.

https://www.facebook.com/share/p/1M8awwgD2q/?mibextid=oFDknk

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: