20 YANVAR AZƏRBAYCAN TARİXİNƏ FACİƏ VƏ QƏHRƏMANLIĞIN EYNİ VAXTDA YAŞANDIĞI GÜN KİMİ YAZILIB

A- A A+

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar niyyətini bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya soxulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta baxmaq kifayətdir. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.

Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Beləcə, 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazıldı. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirirdi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təhlükələrdən çəkinməyərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən Qərar qəbul edildi.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Lakin 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Bu Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən Qərarda, 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını qurban verən Azərbaycan övladlarının məzarlarını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı.

Son 21 ildən artıq müddətdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev bu ənənəni də davam etdirərək hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir.

Əminliklə deyə bilərik ki, bu gün şəhidlərin ruhu şaddır, çünki onların qanı hədər getməyib. Otuz beş il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı yenidən öz torpaqlarına, suverenliyinə qovuşdurdu. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Məhz buna görə bu gün xalqımız 20 Yanvar faciəsinin növbəti ildönümünü xüsusi qürur hissi və başucalığı ilə qeyd edir.

Ramil Nəbiyev

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin deputatı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: