Mahnılarda yaşayan Naxçıvan

A- A A+

Adı mahnılara düşən, dillər əzbəri qədim Nuh yurduna kimlər mehman olmayıb? Rəşid Behbudov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ələkbər Ələsgərov, Ədalət Nəsibov, Əbülfət Əliyev, Nəzakət Məmmədova və Naxçıvana qonaq gələn digər mədəniyyət xadimlərinin hamısı bu torpağın gözəlliyinə, insanlarının Naxçıvanı dövrəyə alan dağlarından da böyük olan ürəyinə heyran qalıblar. 
Tarixlərin yadigarı doğma diyarımıza poemalar həsr edilib, Naxçıvan adı könüllərə yazılıb, dodaqlardan süzülüb, qulaqlarda səslənib, gözəl mahnılarda tərənnüm olunub. O mahnılar ki illərdir, ürəklərə yol tapa, milyonların yaddaşına əbədilik həkk ola bilib. O mahnılar ki eşidəndə ruhu saflaşdırır, layla kimi könül oxşayır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi, həzinliyi insanı ovsunlayır:

Mən səni vəsf edim öz anam kimi, 
Sarılım boynuna mehriban kimi. 
Eşqin, məhəbbətin bir ümman kimi 
Axır könüllərə sarı, Naxçıvan, 
Ellərin sevgili yarı, Naxçıvan.

Hər dəfə bu mahnını eşidəndə düşünürdüm ki, bu qədər sevgi, qəlb çırpıntıları ana-bala, ata-övlad hissləri, yurd sevgisi ilə bəzənmiş şux, əbədiyaşar mahnının bəstəkarı yalnız və yalnız naxçıvanlı ola bilər. Çünki bu diyara övlad məhəbbəti mahnının melodiyasında belə, açıq-aşkar duyulur. Ona görə də istər-istəməz fikirləşirsən: belə istək dolu mahnını ancaq bu torpaqda doğulub-böyümüş, onun suyundan içmiş övlad bəstələyə bilər. Araşdıranda isə görürük ki, “Barı Naxçıvan” mahnısının müəllifi 1912-ci ildə Qarabağda – Füzuli şəhərində anadan olmuş Məmməd Cavadovdur. Onun həyatının müəyyən bir hissəsi Naxçıvanda keçib. Mahnının sözlərindən duyulur ki, bu diyar ona nə qədər doğma və əziz olub. Bəstəkarın bu mahnısı neçə illərdir ki, ürəkləri fəth edir. Bu musiqi əsərinin yaranma tarixi isə belədir: Bəstəkar 1945-ci ildə ordubadlı tanınmış şair Hüseyn Əzimlə tanış olur. Onun şeirləri arasında “Barı Naxçıvan” bəstəkarın diqqətini çəkir. Və beləliklə, bu gün də dillər əzbəri olan “Barı Naxçıvan” mahnısı yaranır. Mahnının ilk ifaçısı bəstəkarın həyat yoldaşı Zərqələm Cavadova olub. Sonralar mahnı Məhəbbət Kazımov və digər sənətkarlar tərəfindən də ifa edilib.

Həmin illərdə Naxçıvana həsr olunmuş, klassik mahnı janrında bəstələnmiş ən gözəl nəğmələrdən biri də “Araz üstü şəhərim” mahnısıdır:

Gözəl gördüm hər yanı,
Səndən gözəl hanı?
Ay qədim Naxçıvanım,
Ay güllü cavanım.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim.

Bu mahnının sözləri mərhum şairimiz İslam Səfərliyə məxsusdur. Müəllifi, Xalq artisti Ramiz Mirişli öz xatirələrində yazır: “Həmin mahnıya kimi İslam Səfərli ilə birlikdə çox yaradıcılıq işimiz olmuşdu. Amma ürəyimdən keçirdi ki, doğma Naxçıvan barədə mənim də bir mahnım olsun. Fikrimi rəhmətlik İslama dedim. Bir müddət sonra mənə bu şeiri verdi. Mən də şeiri çox bəyəndim, beləcə, həmin mahnı meydana gəldi. 1974-cü il idi. Ulu öndər Heydər Əliyev Naxçıvana gəlmişdi. Burada dövlət səviyyəli tədbir keçirilirdi. Bu mahnı həmin dövlət konsertində birinci dəfə səsləndi. Mahnının ilk ifaçısı o vaxt Naxçıvandan Ali Sovetə deputat seçilən SSRİ Xalq artisti Rəşid Behbudov olub. Təəssüf ki, bu mahnı onun ifasında lentə alınmadı. Sonralar mahnını Xalq artistləri Şövkət Ələkbərova, Yaşar Səfərov da oxudular”. Bu mahnı bu gün də populyardır.
Bu gözəl diyardan söz düşəndə ilk xatırlanan musiqi əsərlərindən biri də “O Naxçıvandır” mahnısı olur:

Dağlarını bulud qucan,
Daşlarından kəklik uçan,
Tarlaları ətir saçan, 
Sinəsindən Arpaçayı,
Ətəyindən Araz keçən, 
Hansı məkandır? 
O, Naxçıvandır,
Nəqşi-Cahandır,
Azərbaycandır!

Mahnının sözləri Əliheydər Qəmbərovun, bəstəsi isə Vahid Axundovundur. Mahnının ifaçısı Xalq artisti Abdulla Babayev olub. Tərtər rayonunda doğulub boya-başa çatan bəstəkar Vahid Axundov bu mahnını xüsusi olaraq yazıb. Belə ki, İkinci Dünya müharibəsi zamanı ağır yaralanan Vahid Axundov naxçıvanlı tibb bacısı Dilbər Təhməzbəyova ilə tanış olur. Müharibə başa çatdıqdan sonra o, Naxçıvana gəlir və Dilbər xanımla ailə qurur. Ömrünün sonuna qədər burada yaşayan Vahid Axundov igidlər oylağına, dahilər yetişdirən bu diyara nəinki Azərbaycanda, İranda, Türkiyədə də məşhur olan “O Naxçıvandır” mahnısını bəstələyir. Ulu Naxçıvan torpağının gözəl, ecazkar təbiətini tərənnüm edən, el şənliklərində oxunan, xoş təranəsi ilə könülləri ehtizaza gətirən mahnı uzun illərdir, dillər əzbəridir. Bu gün də “O Naxçıvandır” mahnısı dinləyicinin ruhunu oxşayır, mənəvi varlığına rahatlıq gətirir. Hazırda mahnı bir çox tanınmış müğənnilər, o cümlədən Elnur, Nuri Sərinləndirici tərəfindən də ifa edilir.
Doğma yurdumuza həsr olunmuş musiqi nümunələri arasında “Naxçıvanım” mahnısı da özünəməxsus yer tutur. Maraqlıdır ki, bu mahnının müəllifləri əslən naxçıvanlı deyil. Belə ki, sözləri Abşeron rayonunda dünyaya göz açmış, tanınmış nasir Şəmsəddin Abbasovun, musiqisi isə əslən bakılı olan Tofiq Quliyevindir. Qəlbləri oxşayan mahnının ilk ifaçılarından biri Mirzə Babayev olub:

Eşitmişdim sərvətini, 
Gəldim gördüm hörmətini,
Varlığını, qüdrətini – 
Allı-güllü Naxçıvanım,
İgid elli Naxçıvanım. 
Düzlərində kəklik gəzər, 
Göllərində ördək üzər,
Dağlarını çiçək bəzər. 
Arzum budur var olasan, 
Od elinə yar olasan, 
Ətirli gülzar olasan.

Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun torpağının hər daşına-qayasına, elinə-obasına, igidinə tərif deyilməsi ən böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir. İnsan suyu, çörəyi ilə böyüdüyü torpağı sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair torpağını vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla. Amma bir sevgi var ki, onu qazanmağa hər yurdun, hər torpağın gücü çatmır. Bu sevgi başqaları tərəfindən də sevilməkdir. Qədim igidlər oylağı, ulu torpağımız təkcə qoynunda böyütdüyü oğul, qızı tərəfindən deyil, doğma Azərbaycanımızın başqa bölgələrində dünyaya göz açan insanlar tərəfindən də sevilir. Naxçıvan sevgisi sətirlərə, notlara köçürülüb, dillər əzbəri olub. Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən, şanlı igidlər oylağı, qayalarında xınalı kəkliklər uçan qədim Nuh yurdu ellərin sevgilisi olub. 
Bu gün də gözəl Naxçıvanımızdan ilham alanlar Nəqşi-Cahan haqqında yeni şeirlər yazır, mahnılar bəstələyir, ifa edirlər. Bununla yanaşı, gənc müğənnilər Naxçıvana həsr olunan retro mahnıları da hər zaman repertuarlarında saxlayırlar. Nə qədər ki bu qədim diyar öz gözəllikləri ilə buraya gələn qonaqları ovsunlayır, “Barı Naxçıvan”, “O Naxçıvandır”, “Naxçıvanım” mahnıları da könülləri oxşayacaqdır.

 Ramiyyə Əkbərova

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: