Yeniyetmələr intellektual oyunda öz bacarıqlarını sınayıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Gənclik Mərkəzi”ndə “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər birinciliyi keçirilib. Olimpiadanın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyini təmin edilməsidir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək keçirilən oyunların mahiyyəti haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına əsasən il ərzində bir sıra intellektual oyunların, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Bu gün keçirilən Olimpiadanın Naxçıvan şəhər birinciliyi həmin Tədbirlər Planına əsasən təşkil olunub. Həmçinin, Olimpiada muxtar respublikanın rayon və şəhərlərində keçiriləcək, aprel ayında isə muxtar respublika mərhələsi təşkil olunacaqdır.
Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəkilində keçirilib. “Xəmsə” Milli İntellektual Oyununda “Bəlli”, “Şərtli”, “Sirli” və “Fərdi” raundların nəticələrinə görə ən çox xal nominalı toplayaraq Naxçıvan şəhər 12 №-li tam orta məktəbin “Günnüt” komandası I , Naxçıvan şəhər 5 №-li tam orta məktəbin “Altay” komandası II , Naxçıvan şəhər 8 №-li tam orta məktəbin “Bozqurd” komandası isə III yerə çıxıb.
“Poliqon” Strateji İntellekt Oyununda iştirakçılar “Axtarış”, “Hədəf”, “Saxlama” və “Zəfər” mərhələlərində səsləndirilən 24 sualdan daha çoxuna cavab verərək Naxçıvan şəhər 12 №-li tam orta məktəbin “Günnüt” komandası I yerə, Naxçıvan Qızlar Liseyinin “Mübariz” komandası II , Naxçıvan şəhər 5 №-li tam orta məktəbin “Şahin” komandası III yerə çıxmışdır.
“Vətəni tanı” İntellektual Oyununda pazl şəkilində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Naxçıvan qarnizonu tam orta məktəbin “Azimut” komandası I , Naxçıvan Qızlar Liseyinin “Azərbaycan” komandası II , Naxçıvan şəhər 17 №-li tam orta məktəbin “Əlincə” komandası III yerə çıxıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən olan bədii kitablar təqdim olunub. Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləm Olimpiadada 100-dən artıq yeniyetmə iştirak edib.