Başı bəlalı qardaşım!

A- A A+

Sənin tarixində çətinliklər, mübarizələr və sınaqlarla dolu bir yol var. Hər bir zərbə, hər bir sarsıntı sənə daha da yaxınlaşan, amma bir o qədər də ağırlaşan bir yük verir. Amma sən, hər zaman ayaqda duraraq, çətinliklərə qarşı dimdik dayanmısan. Çünki qoynunda, sənin torpağında yaşayan xalq hər zaman bir ümidin, bir inamın izində olub.

Torpağında sükunət heç vaxt tam yerini tapmayıb. Ya zəlzələ, ya yanğın, ya da başqa bir sınaq. Hələ bir neçə gün öncə “Terrorsuz Türkiyə” ifadəsilə bütün Türkiyəyə - övladı mehmetcik olan analara, yarı səngərdə olan Ayşələrə, Fatmalara, atasının həsrətilə yanıb tutuşan balalara ümid olmuşdu, Ərdoğan!

Gecənin qaranlığında hər yer sakit idi, amma bir anda yüksələn alovlar, hər şeyi dəyişdirdi. Gecəyarısı, ətrafı bürüyən təmiz və sakit atmosferi bir anda pozan qorxunc bir yanğın səsi bütün ətrafı silkələdi. Közlər göyə qalxır, yanğın tüstüsü havada dönüb, hər tərəfi qaranlığa bürüyürdü. Bir vaxtlar zərifliyi və rahatlığı ilə tanınan, indi isə alovlar arasında qırılmağa, çökdürülməyə məhkum bir qülləyə çevrilib, o yer! İçəridə, yatmağa çəkilən insanlar, bir anda dəhşətli bir kabusa oyandılar. Səssiz gecə birdən-birə fəryadlarla doldu. İnsanlar pəncərələrə tərəf qaçır, dəhlizlərdə çaşqınlıq içində bir-birini axtarır. Nəfəs almaq çətinləşirdi, tüstü gözləri yandırır, hər bir künc və koridor təlaş və qorxu içində idi. Qapılar bağlanmış, çıxış yolları itirilmişdi. Cəhdlər, hamısı uğursuz oldu. Böyük bir çətinliklə, otaqlardan çıxmağa çalışan insanlar bir-birinə çırpılır, qorxu və təlaş içində "yardım edin!" deyə qışqırırdılar. Alovlar daha da yaxınlaşır, sanki hər şey bu böyük, zəhərli canavara yem olmaq üzrə idi.

Hotelin işçiləri, qonaqlarını qorumaq üçün hər şeyi etməyə çalışırdılar, amma yanğının sürəti və gücü qarşısında heç bir şeyin təsiri yox idi. Bəziləri hələ də hotelə daxil olmaq, bəlkə də bir neçə nəfəri xilas etmək üçün öz həyatlarını təhlükəyə atırdılar. Amma hər bir addım, hər bir cəhd, yanğının gücünü azalda bilmir, hər şey tək bir dəhşətli həqiqətə yaxınlaşırdı. “Hər şey yaxşı olacaq” deyilsə də, hər şey məhvə sürüklənirdi. Ətrafdakı duman, işıqların solğunlaşması, bir qara ekran kimi hər tərəfi bürüməsi, hamısı bu vəhşi səhnənin yalnız bir tərzi idi.

Yanğın sona çatıb, yalnız tüstü, qırıq şüşələr və qara kül qalıb indi. Otaqlar, dəhlizlər və mərtəbələr artıq geridə qalmış həyatın izlərini gizlədir. İnsanın arzuları, ehtiyacları, xoşbəxtlikləri bir anda alovlarda yandı, bir anda silindi. Və hər şey qurtarmağa çalışanların sükutuna qarışdı, arzu və həyacanların bir məğlubiyyətinə, bir sonluğa çevrilməsi kimi...

Yanğında itirilən 76 can, 76 həyat, 76 ümid! Dilə asan gəlir axı. Hər biri bir ailənin üzvü, hər biri bir dostunu, bir yaxınını itirdi. O anın dəhşəti, o anın acısı dildən çıxa bilməz. Ən yüksək mərtəbələrdən mənzərəni daha yaxşı izləmək üçün otaq kiralayan insanların peşmançılığını gördük, yataq örtüklərindən hazırladıqları yanğın pilləkənində. Mavi səma o gün qapqara idi. Ağappaq qar dənələri kimi. Hər şey bir anda yanıb külə döndü. Xəyallar, arzular, ümidlər... O alovların içində bir çox ailə həyatını itirdi. Hələ ailəsindən xəbər ala bilməyən qızcığazın ümidli gözləyişi və gözləyişin sonu...

İlahi, insan bu qədər qəddar ola bilərdimi? Bütün çıxışlar yandırılıb. Çıxış yoxdur. Taleh, qismət deyib keçə bilmirik.

Amma unutma, Türkiyə, sənin başında fırtınalar əsə bilər, içindəki işıq heç vaxt sönməyəcək. Yolun açıq, hər anına ümidlə bax...!

 

Səma Hüseynli

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: