Onlar eyni gündə doğulub, eyni amala xidmət edən iki gənc idi. Bu iki gənc vətənin dar anında onu qorumaq yolunda canlarından keçərək xalqın milli qəhrəmanı adını qazandılar. Qısa ömürləri ilə gənclərimizə nümunə olan həmin qəhrəmanlar- Hikmət Muradov və Yalçın Nəsirovdur.
Hikmət Muradov 1969-cu il yanvar ayının 23-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 190 saylı orta məktəbdə başa vuran Hikmət sonra təhsilinə Krasnokutsk Mülki Aviasiya Məktəbinə davam edərək məktəbi fərqlənmə diplomu ilə bitirir. Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsində ali təhsil alan qəhrəman təyinatla Yevlax hava yollarında 2-ci pilot olaraq əmək fəaliyyətinə başlayır.
1990-cı illərin əvvəllərində Qarabağ bölgəsinə hücumlar edən Ermənistan artıq işğal planlarını həyata keçirməyə başlamışdı. Həmin dövrdə milli ordumuzun tərkibində xidmət edən Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa, Xocalıya uçuşlar edərək aviasiya hissələrinin daşınmasında və müxtəlif ləvazimatların vaxtında çatdırılmasına xidmət edir. Əzim və təmkinlə işinə yanaşan qəhrəman pilot çətin vəziyyətlərdə belə qorxmazlıqla qətiyyət göstərir.
1991-ci il oktyabr ayının 29-u… Qəhrəman pilotun son uçuşu…
Verilən tapşırığa əsasən, gənc pilot Xocalı rayonunun Xanabad kəndi ərazisindən sərnişinləri təhlükəsiz bölgəyə aparmalı idi. Bölgədən havaya qalxan təyyarə düşmən tərəfindən raket atəşinə tutulur. Bu zaman peşəkar pilot hər nə qədər təhlükəsiz eniş etməyə çalışsa da, bu mümkün olmur. O, bütün heyət üzvləri ilə birlikdə qəhrəmancasına həlak olur. Gənc pilot Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.
Torpaqlarımızın qorunmasında göstərdiyi misilsiz xidmətlərinə görə Hikmət Muradov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanın barelyefi oxuduğu 190 saylı orta məktəbin qarşısına vurulub.
1995-ci ilin mart hadisələri…
Bir qrup silahlı dəstələr dövlətçiliyimizə və müstəqilliyimizə zərbə endirmək məqsədilə dövlət çevrilişinə cəhd etdilər. Ölkə daxilində baş verən bu çaxnaşmanın qarşısını almağa çalışan qeyrətli oğullarımızdan biri də Yalçın Nəsirov idi.
Yalçın Canhəsən oğlu Nəsirov 1976-cı il yanvar ayının 23-də Astara rayonunun Sərək kəndində dünyaya göz açıb. Orta təhsilini kənddə başa vuran Yalçın çalışqan-bacarıqlı olmağı ilə yoldaşlarından fərqlənir. Sürücülük peşəsinə yiyələnən Yalçın Nəsirov əsgəri xidmətini etmək üçün ordu sıralarına çağrılır. Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçən gənc əsgər sonra xidmətini Tərtər və Şamaxı rayonlarında edir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstənin ölkəmizin müstəqilliyinə qarşı çıxması zamanı yaranan çaxnaşmanın qarşısını almaq üçün gənc əsgərlərlə birlikdə Yalçın Murdov da dəstələrin zərərsizləşdirilməsi üçün şücaət göstərir. Atışma zamanı sinəsindən ağır yaralanan gənc əsgərə ilkin tibbi köməklik göstərilsə də, onu xilas etmək mümkün olmur. Mart ayının 24-də həyata gözlərini əbədi yuman qəhrəman doğulduğu Sərək kənd qəbiristanlığında dəfn olunur.
Milli Ordunun əsgəri kimi vətənpərvərlik borcunu şərəflə yerinə yetirən Yalçın Nəsirov ölümündən sonra ölkə Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qəhrəmanın adı əbədiləşdirilərək Sərək kənd orta məktəbinə verilib. Astara rayonundakı “Qəhrəmanlar bağı”nda Yalçın Nəsirovun büstü qoyulub
Səriyyə Salahova
Naxçıvan Televiziyasının əməkdaşı