Sevgi tuneli - FOTOLAR

A- A A+

Şəkildə görünən mənzərə nə utopik, nə də ki fotoşopdur. Bura nə Kanada, nə də Finlandiyadır. Bura düz iki ildən artıqdır ki, müharibənin isti sobaları soyutduğu Ukraynadır. İki ildən artıqdır, baş verən müharibə uşaqları ruhsuz, böyükləri müqavimətsiz, evləri nəfəssiz, torpaqları bəhrəsiz, qapıları bağlı qoyub. Vaxtilə bu torpaqlar barlı-bəhərli, Günəşin uzun-uzun uşaqlara nur səpələdiyi ölkə idi.

Müharibə tək insan ölümü ilə sonlanmır. İnsanlarla bərabər hisslər, duyğular, əşyalar da ölür. Oksigen mənbəyi azalır, meşələr yanğın yerinə çevrilir. Yaşıllıqlar məhv edilir. Yaşamaq uğrunda mübarizənin ən barbar şəklidi müharibə. Bizdən sevdiklərimizlə bərabər, həyatı da, yaşamağı da alıb götürür.

Şəkildəki bu yer Ukraynanın yerli dəmir yolu xətti üzərində yerləşən unikal təbiət abidəsidir. Sevgi tuneli Klevan qəsəbəsində sakinləri, turistləri və təbiətsevərləri qarşılayır. Həmçinin tuneldən keçən dəmir yolu xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.Yük qatarının bir sutkada üç dəfə keçdiyi və uzunluğu 5 kilometr olan bu yaşıl tunel meşə bitkiləri ilə əhatələnmiş botanika bağını xatırladır bizə.

Sevgi tuneli təkcə təbiət abidəsi deyil. Bu tunelin bu şəkildə formalaşmasına ən çox diqqət və marağı insanlar göstərib. Sırf ağac emalı kombinatına gedən yolun buradan keçməsi tunelin formalaşmasında əvəzsiz rol oynayıb. Vaxtilə meşə ərazisindən keçən bu yolda qatarların hərəkəti daha intensiv idisə, yol öz müasir formasını aldıqca gediş-gəliş azalmağa və bu yol təbiət abidəsi kimi qorunmağa başlandı. O gündən bu günə tunel turistlərin ən sevimli məkanına çevrildi.

Zaman keçdikcə bu tunel daha da səs-küyə səbəb olaraq haqqında əfsanələr, rəvayətlər formalaşdı. Əfsanəyə görə, sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarlarsa, arzuları mütləq həyata keçər. Bu əfsanəni eşidən hər bir gənc sevgi tunelində gül-çiçək əkərək hisslərini ölümsüzləşdirməyə çalışır.

Yaponiyalı kinorejissor Akiyoşi İmazaki bu haqda 2014-cü ildə “Klevan: Sevgi tuneli” adlı romantik dram filmi çəkib. 23 noyabr 2014-cü ildə Hanoy kinofestivalında göstərilən filmin süjet xətti birbaşa sevgi tuneli ilə bağlıdır.

İnsanlar əl-ələ verib təbiətsevər olsa, hər yer bu cür təbiət mənzərəsi ilə nəfəs alar. Çalışaq gələcəyə böyük ümidlə baxaraq ən azı bir ağacın böyüməsini öz himayəmizə götürək. Unutmayaq ki, təbiəti insan məhv etdiyi kimi, insan da xilas edəcək!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: