Nemətullah Naxçıvaniyə həsr edilən  beynəlxalq konfrans keçiriləcək

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağı keçirilib. İclası giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb. Qeyd olunub ki, sözügedən Sərəncam ilə təsdiq olunan Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Hazırda əsərin ikici və üçüncü cildləri üzərində işlənilir. Bundan əlavə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşri Nemətullah Naxçıvaniyə həsr edilib. Həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov tərəfindən Nemətullah Naxçıvaninin “Hidayətül–ixvan” (Qardaşların hidayəti) kitabı tərcümə olunaraq çapa hazırlanıb.

Sonra İsmayıl Hacıyev “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və Təşkilat Komitəsinin yaradılması ilə bağlı məlumat verib. O, konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim olunması barəsində tapşırıqlar verib.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə cari ilin iyun ayında nəzərdə tutulan konfransın keçirilməsi üçün 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Akademik İsmayıl Hacıyevin sədrlik edəcəyi komitəyə AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Fəxrəddin Səfərli, Vəli Baxşəliyev, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, filologiya üzrə fəlsəfə doktorları Nərgiz İsmayılova, Elxan Məmmədov, Rəşad Zülfüqarov, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimov və Fəxrəddin Eylazov daxil edilib. Müəssisə rəhbəri Nemətullah Naxçıvani irsi ilə bağlı tədqiqat aparan Türk tədqiqatçılarının da Təşkilat Komitəsinin tərkibinə daxil edilməsinin zəruriliyini qeyd edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: