Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar Nazirliklərinin birgə təşkilatçılığı ilə bu gün Şərur rayonunun Xələc kəndindən sağlamlıq imkanları məhdud daha bir uşaq- Mövlan Heydərli distant təhsilə cəlb edilib. Bu məqsədlə onun yaşadığı evə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, 11 yaşlı Mövlan Heydərli zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da, muxtar respublikada distant təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud uşaqların sayı 23-ə çatıb. Mövlan sağlamlıq imkanları məhdud uşaqlara keçirilən dərsi canlı bağlantı ilə izləyə bilib.
Qeyd edək ki, bu ailənin aztəminatlı olması nəzərə alınaraq, ötən il Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.
Mövlan Heydərlinin valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Məhəmməd Fərəcov