Bir dünya düşünün, internet yox, şəbəkə yox, necə çətin olar müasir dövr üçün, ən əsası da, artıq hər şeyin asanlaşdırılmış formasını qəbul edən insanlar üçün, internetin həyatımıza, hətta şəxsimizə, balacalaşıb cibimizə belə girdiyi bir dövrdə kompütersiz, internetsiz həyatı düşünmək belə olmur. Kompüterin həyatımızda yaratdığı real kömək bizim bütün işlərimizi daha tez və asan şəkildə icra etməyimizi təmin edir. Kompüter öz dəyərini itirməməkdə dözümlülük göstərir, çünki hazırda smartfonlardan daha çox istifadə edən əhali kompüterə tələbatını azaldır, ancaq biz hazırda iş yerlərində, kitabxanalarda və sair kompüterdən daha çox istifadə edildiyini görə bilərik. İnsanlar işlərini, yazılarını kompüter vasitəsilə daha rahat hazırlaya bilirlər.
Kompüter üzrə mütəxəssis olaraq qeyd edə bilərəm ki, kompüter bacarıqlarını bilməmək günümüzün problemlərindəndir ki, artıq kompüter biliyi olmayan insanların savadsız insanlardan heç bir fərqi olmur və hansısa bir işə müraciət etdikdə ilk soruşulan suallardan biri də kompüter biliyinin olmasıdır. Artıq bizim üçün ali təhsil qədər önəmli olan bu bacarıqların təkminləşdirilməsi üçün müəyyən kurslara müraciət edə bilərik. Ancaq müraciət etdiyimiz kursları da öncədən araşdırmağımız mütləqdir, çünki günümüzdə kompüter bilikləri çox az olan müəllimlərlə çalışan kurslarımız var və bu hallarla qarşılaşmamaq üçün öncədən yaxşı bir araşdırma bizim köməyimizə çata bilər. İnsanlar bir-biri ilə əlaqə yaratmağı, alış-veriş etməyi, kütləvi informasiya vasitələrindən məlumat almağı və ən əsası özünü inkişaf etdirməyi kompüter vasitəsilə edə bilərlər. Kompüter, şübhəsiz ki, bizim ən yaxşı və savadlı dostumuzdur. Təcrübə və təhsildən asılı olmayaraq, hazırda kompüter biliklərini öyrənmək bizə əlavə iş imkanları da verir, məsələn, bu sahədə yaxşı qrafik-dizayner olmaq imkanı var, siz kompüterinizdə bu imkanlardan istifadə edə bilərsiniz və öz işinizdən əlavə qazanc əldə edə bilərsiniz. Dünyanın kompüter pəncərəsi olduqca aydın və çoxşaxəlidir, buna görə də bu pəncərdən hər birimiz baxmalıyıq və özümüzü bu sahədə də inkişaf etdirməliyik.
Biz övladlarımızı da bu sahədə mütləq inkişaf etdirməli və müasir dövrün əvəzolunmaz tələbi olan kompüter biliklərinin aşılanmasına, onların bu biliklərə yiyələnməsinə dəstək olmalıyıq. Günün ixtisasları artıq kompüter mühəndisliyi, İT və sair kimi qəbul olunub və heç vaxt öz tələbatını itirməyəcək ixtisaslar sırasındadır. İnkişaf edən informasiya texnologiyaları dövründə övladlarımızın savadlı və müasir cəmiyyətə, iş imkanlarına inteqrasiyası mütləq ki, kompüter bilikləri və müasir informasiya texnologiyalarından keçir. Ona görə də bu texnologiyaların daha çox övladlarımız üçün vacib olduğunu dərk etməli və onların müasirliyə açılan pəncərədən baxmaqlarına imkan yaratmalıyıq, ancaq bir borcumuz da övladlarımızın kompüterdən istifadə müddətinin çox olmamasına da diqqət yetirməliyik. Sağlamlıq üçün zərərli olan monitor məhz bir sıra problemlər yarada bilir, ona görə də limitli saatlarda istifadə daha uyğundur.
Kompüter həm də yeni bir dünya, yeni insanlar və dünyagörüş deməkdir. İnternet vasitəsilə başqa-başqa ölkələrdə yaşayan insanlarla əlaqə yaradıb, onların mədəniyyəti, adət-ənənələri haqqında məlumat alıb öz ölkəmiz haqqında onları məlumatlandırırıq və beləcə, sosiallaşırıq, yeni dostlar qazanır, yeni ölkələr kəşf edirik, bu da bizim dünyagörüşümüzün inkişafına xidmət edir. İnformasiya mübadiləsinin ən çox reallaşdığı dövrdə kompüterin əhəmiyyəti olduqca çoxdur, informasiyanın emalı, yayılması və mübadiləsi məhz bu vasitə ilə reallaşır. Buna görə də hazırda informasiyanı aldığımız sosial mediaların mərkəzi də elə kompüterdir.
Ülviyyə Novruzova
Kompüter üzrə mütəxəssis