Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlılarından azad olunmasının 99-cu ildönümü qeyd edilib
Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlı birləşmələrinin işğalından azad olunmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bu münasibətlə təşkil olunan rəsmi mərasimdə iştirak edib.
Əvvəlcə Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhlarına dualar oxunub.
Mərasimdə Türkiyənin vitse-prezidenti Fuad Oqtay, Kahramanmaraş valisi Vahdettin Özkan, Kahramanmaraş Böyükşəhər bələdiyyəsinin sədri Fatih Mehmet Erkoç, Qarnizon komandanı, polkovnik Adnan Köşkər və başqaları çıxış ediblər.
Çıxışlarda Böyük Britaniya ordusu tərəfindən işğal olunan və sonradan Fransa hərbi birləşmələrinə təhvil verilən, onlardan sonra erməni silahlı birləşmələri tərəfindən xaincəsində ələ keçirilən bölgənin düşməndən azad olunması Türkiyə xalqının şərəf tarixi kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Anadolunun digər bölgələrində olduğu kimi, Kahramanmaraşda da erməni silahlı birləşmələri Osmanlı dövlətinə qarşı xəyanət edərək düşmənə yardım göstərib. Erməni silahlıları yerli əhaliyə divan tutub, müsəlmanlar kütləvi şəkildə qətlə yetirilib, əhalinin mal-mülkünə qarşı talançılıq törədilib. Kahramanmaraşlılar böyük şücaət göstərərək ağır döyüşlər nəticəsində 1918-ci il fevralın 12-də öz ata-baba yurdlarını cinayətkar ermənilərdən xilas ediblər.
Rəsmi hissədən sonra mərasim bədii proqramlarla davam etdirilib.
Səfir X.İbrahim mərasimdən sonra Kahramanmaraş valiliyində və Böyükşəhər bələdiyyəsində olub.
Böyükşəhər bələdiyyəsi ilə tanışlıq zamanı bildirilib ki, Türkiyə dövlətinin banısı Mustafa Kamal Atatürk Kahramanmaraşın erməni silahlı birləşmələrindən azad olunması münasibətilə öz imzası ilə Kahramanmaraşa “İstiqlal” ordeni təqdim edib. Fatih Mehmet Erkoç bildirib ki, bu orden kahramanmaraşlılar üçün ən dəyərli milli sərvətdir.
Xatırladaq ki, Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin fevralın 12-də açılış mərasimi keçirilib. Parkın salınması və orada Ana fəryadı abidəsinin ucaldılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.