Nihat Quluzadə: “Zəng çatmasa, nigaran qalmayın!” - FOTOLAR
Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa?
Vətən də bizimtək ölər, yox olar,
Vətənin yolunda ölən olmasa!
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
“Ermənilərin cəlladı” ləqəbi ilə bütün el-obaya səs salan, ucqar kənddə böyüyüb boy-başa çatan Quluzadə Nihat Qasım oğlu da bu cür qəhrəman şəhidlərimizdəndir. Bu gün onun doğum günüdür.
Nihat 24 yanvar 1997-ci ildə Ordubad rayonu, Unus kəndində anadan olub. Evin tək oğlu olan Nihat 2003-2011-ci illərdə şəhid Rahim Babayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Nihat məktəbdə nümunəvi şagird olub. O, bir-iki fənlə deyil, bütün fənlərə böyük maraq göstərib və əlaçı olub. Məktəb rəhbərliyi Nihatın bu müvəffəqiyyətini qiymətləndirərək onun şəklini məktəbin şərəf lövhəsinə vurub.
2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə, oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Motoatıcı taqım komandiri ixtisası üzrə təhsilini davam etdirib. 2018-ci ildə leytenant hərbi rütbəsi alaraq ordu sıralarında taqım komandiri kimi xidmətə başlayıb. 2020-ci ildə sentyabrın 27-də başlayan 44 günlük müharibədə Nihat qəhrəmancanına döyüş bölgəsinə yollanıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postu azad edərkən düşmən snayperinin atışı nəticəsində ayağından yaralanır və beləliklə, 8 saat müddətində yaralı halda döyüşə davam edir.
Şəhid Nihat Quluzadənin atası Qasım Quliyev NUHÇIXAN-a müsahibəsində bildirib ki, müharibə başa çatdıqdan sonra xəbər tutduq ki, Nihatın döyüş bölgəsində düşmənlə döyüş zamanı yaralandığını. Bu xəbər bizi qürurlandırdığı kimi bir o qədər də narahatlığa səbəb oldu. 2021-ci il fevral ayının 5-də Nihat evə qayıtdı. Onu qarşılamağa təkcə ailəsi yox, bütün el-oba getdi. Onun gəlişi münasibətilə qurbanlar kəsildi. Hər kəs onu görmək, onun qəhrəmanlıq hekayəsini dinləmək üçün bizə gəlirdi.
Mən oğlumla qürur duyuram
Kələki kənd tam orta məktəbində Zəfər bayramı ilə əlaqədar keçirilən tədbirdə iştirak edən qazilərdən biri də Nihat idi. Oğlumun çıxışını hələ də xatırlayıram. O deyirdi: “Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhidlik çox uca bir məqamdır, hər kəsə qismət olmur, mənim yoldaşlarıma qismət olubdur, müqəddəs bir yerdir. Bizim borcumuzdur ki, onları yaşadaq, onların ailələrinin yanında olaq, çünki övlad acısı çox çətindir… Valideynləri ümid yeri gözləyirlər ki, balamın dost-tanışı gəlib qapısın döysün, hal-əhval etsin. Mənim komandirim var idi, bizə döyüşdən yarım saat əvvəl təlimat verirdi və deyirdi ki, mən şəhid oldum, yaralandım, mənə dəymə, mənə ağlayan mənim arxamdadı, sən ancaq irəli get, belə bir gözəl sözü də var idi ki, azadlıq sözlə yazılmır, qanla yazılır…”
2021-ci ildə baş leytenant hərbi rütbəsini aldı, Komando kursunu bitirərək xidmətini davam etdirdi. Oğlum sonuncu dəfə evə 2023-cü il mart ayında mənim ad günümdə gələrək hər kəsi sevindirdi.
Nihatla ən son telefon danışığımız 2023-cü ilin sentyabr ayının 19-u oldu. Son sözü bu oldu ki, “Zəng çatmasa nigaran qalmayın”. Və 2023-cü il senytabr ayının 19-da xəbər verdilər ki, baş leytenant Quluzadə Nihat Qasım oğlu şəhatədə ucalıb. Nihat hamının gözlədiyindən fərqli, üçrəngli bayrağa sarılıb gəldi. Sentyabr ayının 21-i Unus kəndində dəfn edildi.
O, xidməti ilə bağlı kəlmə kəsməzdi. Nihatın komanda yoldaşları deyirdi: “Nihat bizimlə hər şeyini bölüşərdi, hər maaşında əsgərlərə azuqə alardı”. İndi Unus kəndinə gələn hər kəs Nihatın məzarını ziyarət edərək ev-muzeyinə baş çəkir.
Nihatın şəkli vaxtilə orta məktəbdə şərəf lövhəsinə vurulmuşdu. Bu gün isə Nihat igidliyi ilə adını Azərbaycanın Zəfər tarixinə yazdırdı. Mən oğlumla qürur duyuram.
Nihat Quluzadə nəinki ailəsinin, həm də bütün millətin oğlu oldu. Azərbaycan xalqı belə igidlərini heç vaxt unutmayacaq və onları hər zaman minnətdarlıqla anacaqdır.
Qonağı olduğumuz bu müqəddəs evdə Məstan ananın ağarmış bəmbəyaz saçları, Nihatın divardan asılmış şəkilləri sanki dil açıb danışırdı, “Ana sən qəhrəman oğulun qəhrəman anasısan, başını dik tut, çünki mən Vətən üçün canımı fəda etdim”. Qasım atanın oğlu ilə qürur duyduğu hisslər, gözünün altında gizlətdiyi dərin kədər isə göz yaşlarında gizli idi.
Xatırladaq ki, Nihat Quluzadə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ”Vətən uğrunda”, “ İgidliyə görə , “Laçının azad olunmasına görə” medalları, II və III dərəcəli “Vətənə xidmətinə görə “ ordenləri ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Aynur Mirzəyeva