Onun, ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad edib, Qarabağ torpaqlarının zirvəsində üç rəngli bayrağımızı dalğalandırmaq idi. Bu istəyin onu ölümə aparacağını bilsə də, niyyətindən dönməyən vətənin qeyrətli oğlu arzusuna canı bahasına olsa da, çatdı…
Artıq beşinci ilə keçib ki, Azərbaycan bütöv ölkə olaraq zəfərinin sevincini məhz, adını şanlı tariximizə əbədi yazan qəhrəmanlar sayəsində yaşayır. Belə oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovdur.
Əslən Göyçə mahalının Daşkənd kəndindən olan Azad Hümbətov 1996-cı il yanvar ayının 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini Nərimanov rayonu 291 saylı Ekologiya liseyində başa vuran Azad, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. O, 2017-ci ildə hərbi məktəbi bitirib leytenant rütbəsi alaraq Füzuli rayonunun Horadiz şəhərindəki “N” saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunur. Xidmət etdiyi illərdə qüsürsuz xidmətinə görə zabit və əsgərlər arasında hörmət qazanır. Azad Hübətov 2018-ci il “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Həmin tədbirdə o, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunur.
Hərb sənətinin sirlərini dərindən öyrənib, işinin peşəkarı olmaq istəyən Azad 2020-ci ildə Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçib, baş leytenant rütbəsini alır. Çox keçmir ki, baş leytenant sentyabrın 27-də başlanan Vətən müharibəsində düşmən üzərinə ön sırada gedənlərdən biri olur. Azad Hümbətov müharibənin ilk günündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib, düşmən ordusuna ağır zərbələr vurur. Tank taqımı komandiri olan qəhrəman həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirir. O, dəfələrlə fədakarlıq edərək döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxarır. Müharibənin ilk günlərində komandirlik etdiyi tankı ilə minaya düşən Azad tankı idarə edən mexaniklə birgə ağır yaralanır. O, yarasına əhəmiyyət verməyib, yoldaşını xilas etmək üçün 25 kilometr meşə ərazisində çiyinlərində daşıyaraq 2 gündən sonra döyüş postumuza çatdırır. Yaralı yoldaşı və Azad Beyləqanda hospitala müalicə olunmaq üçün göndərilsə də, baş leytenant müalicəni istəməyib, yaralı vəziyyətdə döyüş meydanına qayıdır. O, piyada döyüş bölüyünə rəhbər təyin edilir.
2020-ci il oktyabrın 27-si…
Laçın uğrunda gedən döyüşlərdən geri qayıdan zaman düşmən tərəfindən artilleriya atəşi açılması nəticəsində baş leytenant ağır yaralanır. Döyüş yoldaşları onu təcili xəstəxanaya çatdırsalar da, artıq gec olur. Vətənin igid oğlu gözlərini əbədi yumub, ən ali məqama yüksəlir. Şəhidimiz Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olunur.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan baş leytenant Azad Hümbətov vətənə qüsursuz xidmətinə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülərək “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qəhrəmanın adı əbədiləşdirilərək Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə və Bakı şəhər mərkəzi küçələrdən birinə verilib. Həmçinin Şəhid Azad Hümbətova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda saxlanılır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı