Naxçıvanda “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi fəaliyyətə başladı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi fəaliyyətə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra giriş nitqi ilə çıxış edən birliyin rəhbəri Ayaz Seyidli məlumat verərək qeyd edib ki, birlik xeyriyyə məqsədli yaradılıb. Başlıca məqsəd isə autizmli uşaqların bundan sonrakı həyatında onları cəmiyyətə inteqrasiya etmək, ailələrə mənəvi və psixoloji dəstək verməkdir. Son 5 ildə dünyada hər 100 uşaqdan 2, maksimum 3 uşaq arasında autizm müşahidə olunurdusa, bu gün dünyada autizmli uşaqların sayı, spektir pozuntusu sürətlə artmaqdadır. Bununla bağlı ciddi mübarizə aparılır. Naxçıvanda yaradılan bu mərkəzin tərkibində məktəbtipli təhsil, psixoloji dəstək, incəsənət, rəsm duyu bütünləmə, apiterapiyala xidmətləri şamil olunacaq.
Sonra birliyin mahiyyətini izah edən videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, birlik muxtar respublikada yaradılan ilk ictimai təşkilatdır. Muxtar respublikada 66 autizmli uşaq var və bu uşaqlara dövlət səviyyəsində yüksək səviyyədə qayğı və psixoloji dəstək göstərilir. Və inanırıq ki, bundan sonra dövlət dəstəyi ilə yanaşı, qeyri-hökumət təşkilatları da bu fəaliyyətə qoşulacaq.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova qeyd edib ki, ölkəmizdə, eyni zamanda Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud olan uşaqlar dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunub. Çünki həmin uşaqlar digər uşaqlarla bərabər, tam hüquqlu vətəndaşlardır. Ona görə də keçirilən bütün tədbirlərdə onların öz istedad və potensiallarının təbiliğinə daim dəstək olacağıq.
Tanınmış teleaparıcı Vüsalə Səid tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək vurğulayıb ki, biz hər zaman hər birimiz xüsusi qayğıya ehtiyacı olan insanların yanında olmalıyıq. Xüsusi qayğıya ehtiyacı olan insanlara özəl yanaşılmalıdır. Bu birliyin yaradılması təqdirəlayiqdir.
Tədbirdə bir çox dövlət və özəl sektorun nümayəndələri iştirak edərək birliyin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda autizmli uşaqlar tərəfindən hazırlanan qısa tamaşa, məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin “Ümid” mahnı və rəqs ansamblı və başqa nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Fariz Əhmədov
Pnar Yusifli