Nəimiyə Nəsimidən danışdım...

(məzarüstü monoloq)

A- A A+

Salamlar olsun müqəddəs ruhuna, Fəzlullah Nəimi! İzn ver sənə  canından artıq sevdiyin, mənəvi atası olduğun Nəsiminin dili ilə, əfəndi, – deyə xitab edim. Nəimi əfəndi, buraya – Xanəgaha sənə Nəsimidən danışmağa gəlmişəm. 650 yaşlı övladın – Azərbaycan şeirinin möcüzəsi sayılan  filosof­-şair İmadəddin Nəsimidən. Səndən sonra olanlardan, davamçının, şagirdinin başına gələnlərdən, gətirilənlərdən danışmağa gəlmişəm. Düşündüm ki, şairin 650 illik yubileyi şərəfinə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident cənab İlham Əliyevin sərəncamları bütün azərbaycanlıları sevindirdiyi kimi, sənin də ruhunu şad edər. Buna görə sənə şairin bu növrağından, bir də ötənlərdən  danışmağa gəldim. Əliboş da gəlməmişəm. Budur, bəlkə də, heç görməmisən, əlimdə İmadəddin Nəsiminin seçilmiş əsərləri var. Amma bunlar onun külliyyatının bir qismidir, əlimizdə qalanlarıdır, itənlər-batanlar da var, oğurlanıb mənimsənilənlər də var.

İzn ver səni bütün qəlbi ilə sevən Nəsiminin sənə yazdığı, bəlkə də, indiyədək heç eşitmədiyin “Əfəndi” qəzəlini oxuyum, qəbrinə su çilənsin, ənbər səpilsin:

Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda ­həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi-хuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, mеyvəli bağım,
Laləm, səmənim, sünbülü rеyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mədəni-yaquti-rəvanım,
Qiymətli olan ləli-bədəхşanım əfəndi.
Еşqində Nəsimi çü qılır canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi.

Nəimi əfəndi, sən çox xoşbəxt bir insanmışsan. Demək ki, yaratdığın təriqətə – Hürufiliyə Yaradanın böyük qiymət veribmiş ki, sənin son mənzilinin Naxçıvan olacağını alnına yazıb. Naxçıvan sənin bəraətindir. Naxçıvan – bu İslam mədəniyyətinin beşiyi səni kafir yox, Allahını tanıyan, öz təriqətinlə elə “Qurani-Kərim”i izhar edən şəxsiyyət kimi qəbul edib, ağuşunda uyudub. Qəbrini əsrlərlə qoruyub saxlayıb. Budur, üstündə abidə ucaltmaqla bütün dünyaya Nəimi həqiqətlərini bəyan edib.

Nəimi əfəndi, əvvəllər Hürufiliyi din, məzhəb adlandırıb, onu İslamdan ayıranlar, nəhayət ki, sənin fəlsəfəndə Allahla insan arasındakı vəhdəti görə bildilər. Sənin “Bu aləm əbədi dövrü inkişaf prosesindədir. Hər bir əvvəlki pillə özündən sonrakının başlanğıcıdır” nəzəriyyən lap sonralar dərk edildi. Hürufiliyin “Allah özünün bənzəri kimi, yaratdığı insanın simasında özünü və adını təcəlla edir. İnsanın sifətində Allah adının yazılması insanda Allahın təcəllasıdır. İnsanın düz bədəni əlif “ə-a” hərfidir. Burnu “L” lam, qoşa gözü isə hey hərfidir. Beləliklə, ƏLLƏH insanın surətində həkk olunmuşdur” kimi əsas ideyası, vəhdəti-vücud fəlsəfəsi səndən sonrakı hürufiləri bunu dərk etməyən ruhanilərin təqiblərinə məruz qoydu. Böyük Fəzlullah, “Qurani-­Kərim”dəki işarələrdən və hərflərdən istifadə edərək bütün insanların dinindən, irqindən asılı olmayaraq, bir İlahi eşqlə sevilməsini və qorunmasını təbliğ edən nəzəriyyən sən 1394-cü ildə Teymurləngin oğlu Miranşahın əmri ilə qətlə yetiriləndən sonra neçə-neçə ardıcıllarının da dar ağacından asılması ilə nəticələndi. 
İlk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazan, 14-cü əsrin sonlarında, ömrünün ən gözəl çağlarında – 20-25 yaşlarında Hürufi görüşlərini mənimsəyərək bu təriqətin fikirlərini təbliğ edən şeirlərlə yaradıcılığını davam etdirən və Nəimi adına uyğun olaraq özünə Nəsimi təxəllüsünü seçən şair həyatın hansı keşməkeşləri ilə üz-üzə qalmalı oldu, bilirsənmi? “Nəsim” sübh mehi, xəfif külək deməkdir. Bu ahəstə əsən, xəfif ötən meh birdən məhvərindən çıxıb şeirləri ilə insanın ruhunu təzələyən, ona sübh yeniliyi, təravəti bəxş edən şairin həyatında hansı fırtınaları qopardı, bilirsənmi?

Sənin Nəsimin, doğulduğu Şamaxı şəhərinin sadə zəhmət adamları, sənətkar və ziyalılar mühitində yetişib, xalq həyatını dərindən öyrənib, Şirvanda geniş yayılan müdrik el deyimlərinə, Azərbaycan folkloru nümunələrinə ömürlük bağlanmışdı. Ədəbiyyatşünaslar bu qənaətdədirlər: Nəsiminin əsərləri sübut edir ki, o zamanın görkəmli nümayəndələrindən öz doğma ana dilində, eləcə də ərəb və fars dillərində mükəmməl təhsil alan bu istedadlı gənc üç dildə əlinə keçən bütün klassik ədəbi və elmi irsi, həmçinin dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı oxuyub öyrənmişdir. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tuyuqları bədii quruluş, məzmunca orijinal və qiymətlidir. Rübailərində Hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi şəkildə ifadə olunmuşdur. 

Nəsimi, xüsusilə də “Qurani-Kərim”i və Peyğəmbər hədislərini dərindən mənimsəmişdi. Onun əsərlərinin əsas ideyası insan idi.

Mən mülki-cahan, cahan mənəm, mən! 
Mən həqqə məkan, məkan mənəm, mən!
Mən ərş ilə fərşü kafii nunam,
Mən şərhü bəyan, bəyan mənəm, mən!

yaxud:

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.
Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir,

və ya məşhur “Sığmazam”qəzəlində:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyanə ­sığmazam, – deyən şair dövründə heç vaxt düzgün başa düşülmədi. Başa düşülmədi ki, bu misralardakı, eləcə də bütün şeirlərindəki “mən”lər insan deməkdir. Tək özünü yox, ümumilikdə, bütün insanları iki cahanın – o dünyanın da, bu dünyanın da, maddi və mənəvi aləmin gövhəri hesab edən, bütün gözəllikləri insanın simasında görən, onu məkansız inci sayan şairi elə o insanlar taleyini yaşamağa qoymadılar, öz “cızdıqları” ömrü yaşatdılar ona. Hələ sonralar – müasir dövrümüzdə Nəsiminin külliyyatını araşdırmaq, itib-batan əsərlərini üzə çıxarmaq üçün axtarışlar əvəzinə onun şeirlərini müzakirə edənlər də oldu. “Məndə sığar iki cahan, yoxsa məndə sığar ikən cahan?” bəzi insanlar arasında illərin didişmə-dartışmasına çevrildi. Alimlərimiz “ikən”ə heç bir əlyazmalarda rast gəlmədiklərini etiraf etsələr də, bu müzakirə hələ də davam etməkdədir. 

Nəsimi söz vurğunu olub. Şairin təsvirincə söz dünyanın bəzəyidir. Aldığı təhsil, bəhrələndiyi kitablar, dünyagörüşü onu söz sərrafına çevirmişdi. Elə “Söz” rədifli şeiri də ana dilində yazılmış söz haqqında ilk şeirdir. Şeirdə şairin sözə, söz sənətinə yüksək qiymət verdiyi hər misrada, hər bənddə açıqca hiss olunur:

Dinləgil bu sözü ki, candır söz, 
Aliyi-asiman məkandır söz. 
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə kim xaliqi-cahandır söz...

Nəimi əfəndi, sözsüz ki, lirik şeir Nəsimi yaradıcılığının özünəməxsusluğudur. Ədəbiyyatşünaslar yazırlar ki, şair əvvəllər aşiqanə şeirlər yazıb, sonralar ictimai, siyasi, əxlaqi mövzularda əsərlər yaradıb. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. Ancaq mən bir oxucu kimi onun aşiqanə qəzəllərində də bir fəlsəfə hiss edirəm, bu misralarda da Allaha sevgi onun yaratdıqlarına, şairin aşiq sandıqlarına olan sevgini üstələyir:

Sən mana yar ol ki, könlüm bir dəхi yar ­istəməz,
Könlümün dildarı sənsən, özgə dildar ­istəməz…

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, 
Gözlərimdən sanasan dəryayi-umman ayrılır…

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Əsərlərində humanizmi, nəcib əməlləri, insanlar arasındakı saf məhəbbəti, təmənnasız dostluğu, mənəvi ucalığı, sədaqəti, təbiətin sonsuz gözəlliklərini tərənnüm edən, zülm və əsarəti, ədalətsizliyi, fanatizmi, nadanlığı, acgözlüyü, paxıllığı, riyakarlığı kəskin surətdə qamçılayan şair elə o dövrün ədalətsizliyinə də düçar oldu. Hürufilərin Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda İmadəddin Nəsimi Vətənindən didərgin salınaraq İran, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur qaldı. 1417-ci il isə şairin həyatının son ili oldu. Hələb şəhərinin ruhaniləri onu dinsizlikdə ittiham etdilər və Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şairin dəhşətli bir tərzdə edamına qərar verildi.

Nəimi əfəndi, dünya binə olandan böyük Azərbaycan şairi Nəsimi kimi faciəli ölümə məhkum edilən şair olmayıb. Bilirsənmi, Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi “Künuzüz-zəhəb, tarixi-Hələb” adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi bu zaman “Kəlmeyi-şəhadət” gətirmişdir. Hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışlar. Buna baxmayaraq, o, bəraət ala bilməmiş və dar ağacında belə, yeni bir ədalətsizliklə qarşılaşmışdır. Onun qətlinə fitva verən ruhani deyir ki, bu, o qədər məlundur ki, onun qanından hara düşsə, kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı barmağına düşən ruhaninin camaat barmağının kəsilməsini tələb edəndə, “Mən sözgəlişi demişdim”, – deyə sözündən qaçır. Nəsimi isə ölüm ayağında da bu ədalətsizliyə üsyan edir və bədahətən:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz, – deyərək əbədiyyətə qovuşur. 

Yazını hazırlayarkən maraqlı bir faktla da qarşılaşdım. 2012-ci ildə Hələb şəhərində ikigünlük Beynəlxalq Nəsimi Forumu keçirilir. Forumda Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Burada ölkənin çox nüfuzlu ziyalılarından və Hələbdə ali təhsilin əsasını qoyanlardan biri kimi təqdim olunan dini icmanın rəhbəri, şəhər müftisi doktor Mahmud Əkkam “Nəsimi və sufilik” mövzusunda maraqlı məruzə ilə çıxış edir. Onun əsərlərinin Azərbaycan poeziyasının Yaxın Şərq xalqları ədəbiyyatında fəth etdiyi ən uca zirvələrdən biri olmaqla yanaşı, həm də Suriya-Azərbaycan ədəbi əlaqələri tarixində ən önəmli mərhələ olduğunu vurğulayır. O, məruzəsinin sonuna doğru salonun birinci cərgəsində əyləşdirilmiş Azərbaycan nümayəndələrinə üzünü tutub dərin səmimiyyət duyğusu ilə deyir: “Möhtərəm qardaşlar! 595 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, böyük Azərbaycan şairi və filosofu parlaq istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli İmadəddin Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir. Lakin Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi sizdən dönə-dönə üzr istəyirəm! Mən çox vaxt dindaşlarım önündə xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar səsləndirirəm. Təsəllini onda tapıram ki, hələblilər Nəsiminin məzarını öz oğlunun qəbri kimi günümüzə qədər qorumuşdur. Tarixi, elmi mənbələrdə öz əksini tapmış məlumata görə, bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa, bəraət vermişdir. Bununla belə, bu gün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir”. 

Bəli, bu xalqın bədxah nümayəndələrinin səhvləri illər sonra ortaya çıxdı, Nəsimi bəraət aldı. Lakin hazırda Suriya müharibə şəraitində yaşayır. Nəsiminin məqbərəsi də bu müharibələrdən zərər görüb. Kaş ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Hüseyn Cavidin nəşi Sibirdən Naxçıvana gətirilib doğma torpağa tapşırıldığı kimi, İmadəddin Nəsiminin də qəbri Suriyadan Azərbaycana köçürülə bilərdi. Bu, hər bir azərbaycanlının arzusudur.

Nəimi əfəndi, dərisi soyularkən qan itirən, bir də dəhşətli ağrıdan rəngi saralmağa başlayan Nəsimiyə ruhanilər: “Sən ki həqsən, bəs niyə rəngin saralır?” – deyib istehza edirlər. Nəsimi isə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş qürub edəndə saralar”, – deyə cavab verir. Ruhun bu sözlərdən əsla narahat olmasın, Fəzlullah Nəimi. Çünki o Günəş qürub etmədi, əksinə, düz 650 ildir ki, hər gün dan yeri ağaranda doğur. O Günəş İmadəddin Nəsimidir. Azərbaycan xalqından, onun qədirbilənliyindən, dahi şəxsiyyətlərinə sahibliyindən, doğma münasibətindən nur alıb əsrlərdir, axşam­çağıları əsla qüruba enməyən Günəş…

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: