14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür

A- A A+

Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub

Azərbaycanda televiziyanın yaranmasından 63 il ötür.

NUHÇIXAN xəbər verir ki, Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 63 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsi televiziya yayım təmin edilir. Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.

Azərbaycan Televiziyasındakı dəyişikliklər verilişlərin məzmun və formatında özünü büruzə verir

“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. 

Efirə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Azərbaycan Televiziyasının efirində gün ərzində 10-dək xəbər buraxılışı yayımlanır və hər saatda informasiya yenilənməlidir. “Xəbərlər”in nəzdində “Mobil qrup” yaranıb. Bu komandanın missiyası əsasən xüsusi reportajlar hazırlamaqdır. 2016-cı ildən isə hər gün saat 19-da “Region Xəbərləri” efirdədir.

Televiziyanın analitik proqramları da kifayət qədərdir. Azərbaycan Televiziyası son günlər tamaşaçılarla görüşə daha bir yeni tok-şou ilə qonaq gəlir. Maraqlı mövzularla “Nəsillərin debatı”nda nəsillər qarşılaşdırılır.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Səhər musiqi informasiya proqramı isə televiziyanın ən uzunömürlü verilişlərindəndir. Düz 30 ilə yaxındır ki, tamaşaçılar sabahlarını bu verilişlə açırlar.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: