Salamməlikdən Zəngəzura - FOTOLAR
Nə zaman Zəngəzur adı, Zəngəzur dəhlizi ifadəsi işlənirsə, biz naxçıvanlılar olaraq ürəyimiz dağa dönür. Qəlbimiz yerində durmur, uçunur. Axı ora bizim əzəli və əbədi yurd yerimizdir. Axı Günəş həmişə Zəngəzurdan boylanaraq Naxçıvanı salamlayıb. Biz ki, qızıl torpaqların sahibi, isti ürəkli, əliaçıq, qonaqpərvər insanlarıq. Bununla da bitmir bizim xoşbəxtliyimiz. Biz Zəngəzurdan gələcək ilk qatarı salamlayan, xan Arazın sahilində övlad böyüdən, təsərrüfat salan, Vətən sərhədlərinə keşik çəkənləriyik.
Axı necə Zəngəzur üçün darıxmayaq. Culfa Lokomotiv Deposunun maşinistləri Elxan Məmmədov və Tahir Abuzərovun qışqıra-qışqıra “Tələsin, tez olun, gecikirik” çağırışları, son qatar və son sərnişinlər də çox darıxıb sənin üçün Zəngəzur. Ağbənd həsrət qalıb Salamməlik çağırışına. Həsrət qalıb 54 kilometrlik məsafədə torpaq torpağa.
Ölkə başçısının ötən gün nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur haqqında səsləndirdiyi fikirlər ümidlərimizi daha da artırdı, daha da əlimizi, qolumuzu açdı ki, bu haqda yazaq, paylaşaq. Cənab Prezident çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb.
Dalana dirənmiş Ermənistan yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunması 10 noyabr kapitulyasiyasında açıq-aydın göstərilib. Təəssüf ki, “dəmir yumruğ”u dadmadan durmayan Ermənistan dırnaqarası “sülh kəsişməsi” layihəsini ortaya atır ki, ölkə başçısı İlham Əliyevin təbirincə desək: “Azərbaycansız bu layihənin iki qəpiklikdə qiyməti yoxdur”.
Doğrudan da, bu layihə Azərbaycansız kağız parçasından ibarətdir. Ermənistanın etdiyi bu manipulyasiya nəticəsində Azərbaycanla Naxçıvanın rahat bağlantısının təmin edilməsi gecikir. Və bunun nəticəsində biz iqtisadi cəhətdən əlverişsiz və uzun yoldan istifadə etməli oluruq.
Artıq vaxt itirmək zamanı deyil. Buna görə də İran İslam Respublikası ilə əldə edilmiş razılaşmaya görə Ermənistanın kənarda qaldığı avtomobil körpüsünün tikintisi bu il yekunlaşaraq istifadəyə veriləcək.
Ölkə başçısı çıxışında qeyd etdi ki, hazırda birinci körpü Zəngilanda inşa edilir, ikinci körpü isə Naxçıvan Muxtar Respublikasında inşa ediləcək. Beləliklə də, onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Ölkə başçısı onuda vurğuladı ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Yəni heç bir gömrük proseduru olmadan.
Bu tələbdir. Bu 2020-ci ildə Ermənistana “dəmir yumruğ”u göstərən liderin tələbidir. Bu tarixi hadisələrin gedişinə müdaxilə edən ədalət çarçısının tələbidir. Bu zor gücünə bizdən qoparılmış əzəli Zəngəzur torpağının qaytarılması tələbidir. Əgər ölkə başçısı bu tələbi əmrə çevirsə, onda yenidən kapituliyasiyaya getməyə nə vaxtınız, nə də gövdənizdə başınız qalacaq!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru