Ötən il Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 40 nəfər barəsində cinayət işi başlanıb - FOTOLAR

A- A A+

Ötən il ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsində ötən ilin yekunları ilə bağlı toplantıda bildirilib.

İclasda Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlı olduğunu əsaslandırıb.

Baş İdarə rəisinin müavini Rəşad Bayramov 2024-cü ildə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, 2024-cü il ərzində qeydə alınan idxal əməliyyatlarının həcmi 115 milyon, ixrac əməliyyatlarının həcmi isə 10,6 milyon ABŞ dolları dəyərində olub.

Həmçinin bildirilib ki, baş idarə tərəfindən ötən il ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 107,4 milyon manat məbləğində gömrük ödənişləri toplanılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon manat və ya 3,6 faiz çoxdur.

“Naxçıvan Muxtar Respublikasının 2024-cü ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yоl vergisi” üzrə dürüstləşmədən sonra müəyyən olunmuş 12,0 milyon manat proqnoza qarşı 22,2 milyon manat, yəni 85 faiz artıq olmaqla muxtar respublikanın büdcəsinə köçürülüb.

2024-cü il ərzində muxtar respublikaya tranzit giriş edən nəqliyyat vasitələrinin sayı 158 min 332 ədəd, tranzit çıxış edən nəqliyyat vasitələrinin sayı 157 min 618 ədəd, ölkəyə giriş edən nəqliyyat vasitələrinin sayı 94 min 632 ədəd, ölkədən çıxış edən nəqliyyat vasitələrinin sayı isə 95 min 311 ədəd olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü il ərzində muxtar respublikanın ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayı 25 min 135 ədəd və ya 19 faiz artıb.

Sonra tədbirdə çıxış edən Baş İdarənin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev ötən il ərzində Baş İdarə tərəfindən 51 cinayət xarakterli fakt aşkarlandığını, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan artıq marixuana, 106 qramdan artıq tiryək narkotik vasitələr, 1 057 qramdan artıq metamfetamin, 298 ədəd klobazam psixotrop, 28 617 ədəd tramadol (6438,825 qram) - güclü təsir edən maddələr, 23 ədəd patron və 1 ədəd sandıqça, 13 665 qutu müxtəlif markalı aksizsiz siqaretlər, 39 450 ABŞ dolları və habelə digər predmet və maddələr aşkarlanaraq götürülüb.

Əməliyyat müşavirəsində Naxçıvan Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Orxan Əsədov və “Şahtaxtı” gömrük postunun rəisi Ənvər Zeynalovun hesabat məruzələri dinlənilib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev tədbirə yekun vuraraq qeyd edib ki, Komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: