Uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli oyunu keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan şəhər 5 №-li uşaq bağçasında məktəbə qədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib. Oyun başlamazdan əvvəl uşaqlarının iştirakı ilə hazırlanmış idmanın müxtəlif növlərini əks etdirən kompazisiya nümayiş olunub.

Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva tədbirin mahiyyəti haqqında məlumat verərək bildirib ki, tədbirin keçirilməsində məqsəd uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılmasıdır. Həmçinin  onların asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılmasıdır.

Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısı haqqında məlumat verib  və iştirakçılara uğurlar arzulayıblar.

 İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar butona basmaqla 55 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırıblar.

Yarışda daha çox suala düzgün cavab verərək “Günəş” komandası I , “Ulduz” komandası II , “Ay” və “Bulud” komandaları III yerlərə çıxıblar.

 Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar hədiyyə edilib.  20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: