Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti, ölkənin zəngin mədəni irsinin qorunması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə tanıdılması istiqamətində həyata keçirilən mühüm tədbirləri əhatə edir. Məlumdur ki, bu siyasət Azərbaycan Respublikasının Konstitusiyasına, milli qanunvericilik aktlarına və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq sazişlərə əsaslanır.
Azərbaycan türkləri əsrlərboyu milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəslə miras qoymuşdur. Bugünkü müstəqil Azərbaycan həmin mirasın varisi kimi öz dövlətçilik ənənələrini milli dövlətçilik ideologiyasında əks etdirərək dünya dövlətləri arasında özünəməxsus yer tutmuşdur.
Bu gün insanlar bəzi real həyat həqiqətləri ilə üzləşmişlər. Belə ki, texnologiya müasir həyatın ayrılmaz bir hissəsi kimi, insan həyatının bütün sahələrinə sürətlə nüfuz edərək yaşamı asanlaşdırmış, ünsiyyətdən, təhsildən, iş proseslərindən tutmuş əyləncə sahələrini də əhatə edərək informasiyalar əldə etməyimizi sürətləndirən, inkişafa səbəb olan əvəzsiz bir vasitəyə çevrilmişdir.
Lakin texnologiyanın bu müsbət mənada irəliləyişi, bütövlükdə, cəmiyyətə və xüsusilə yeni nəslə ciddi zərərlər də gətirir. Sosial ünsiyyətin zəifləməsi, insanlar arası əsl təmasın azalması, real əlaqələrin, dostluq və ailəvi bağlarıın zəifləməsi, emosional əlaqənin keyfiyyətinin aşağı düşməsi, asılılıq və sair kimi problemlərin yaranmasına uşaqlar və yeniyetmələr arasında psixoloji narahatlıqların artmasına səbəb olur. Eyni zamanda bu problemlər, nəticədə, fiziki aktivliyi azaltmaqla yanaşı, yaradıcılıq potensialını da əngəlləyir, kibercinayətə, şəxsə dair məlumatların şüursuzca paylaşılması risklərinə belə səbəb olur.
Cəmiyyətdə neqativ təsirlərə və eyni zamanda inkişafa səbəb olan texnologiyanın balansını qorumaq, ondan şüurlu istifadəni təbliğ etmək və bununla bağlı maarifləndirmə işləri aparmaq, sağlam bir cəmiyyət qurmaq üçün vacib və əhəmiyyətli şərtlərdəndir .
Elm və texnikanın inkişafı nəticəsi olan internetin sayəsində dünya sanki “kiçilmiş”, zərərli neqativ təsirlərə məruz qalan gənc nəsillərin milli köklərdən uzaqlaşma təhlükəsi yaranmışdır. Düşünürəm ki, cəmiyyətimizdə belə zərərli hallara qarşı mübarizədə mədəniyyət müəssisələri və teatrlar çox əhəmiyyətli rol oynaya bilər.
Günümüzdə gənclərin marağını cəlb edən bir çox yaradıcı layihələr təşkil edərək müxtəlif mədəniyyət və incəsənət proqramları – kütləvi, aktiv, əyləncəli, ədəbi-musiqili, müsabiqə və yarışmalar, folklor festivallarına, meydan tamaşalarına geniş yer verməklə, diqqəti milli dəyərlərə, adət-ənənələrə bağlılıq məsələlərinə yönəltmək və eyni zamanda bu istiqamətdə maarfləndirmə işlərini gücləndirməklə onları zərərli ideologiyaların təsirindən qorumaq olar.
Belə ki, dövlətimizin mədəniyyət siyasətinə uyğun olaraq təşkil olunmuş kütləvi tədbirlərdə diqqətdə saxlamalı olduğumuz əsas məsələ cəmiyyətin müxtəlif qruplarını vahid milli məqsədlər ətrafında birləşdirərək sosial harmoniya yaratmaq olmalıdır. Bu səpkili kütləvi tədbirlər milli təhlükəsizlik və milli ideologiya siyasəti ilə inteqrasiya olunaraq cəmiyyətin birliyini, milli kimliyini və dövlətin sabitliyini qorumağa yönəlməlidir.
Milli qəhrəmanların, tarixi şəxsiyyətlərin və milli simvolların teatrda təbliği bədii yaradıcılıq və maarifləndirməni birləşdirən güclü vasitədir. Teatr tamaşaları vasitəsilə milli dəyərləri təqdim etmək, onların mənəvi və tarixi əhəmiyyətini vurğulamaq mümkündür. Bu məqsədlə bir sıra addımlar atıla bilər.
Milli qəhrəmanların həyat hekayələrini və qəhrəmanlıq mübarizələrini əks etdirən dram və ya musiqili tamaşalar hazırlamaq, tarixi şəxsiyyətlərin ictimai və siyasi fəaliyyətlərini səhnədə canlandırmaq, milli simvolların yaranması və tarixi əhəmiyyəti ilə bağlı bədii və ya sənədli əsərləri səhnələşdirmək, Azərbaycan teatrının səhnələrində milli simvolları xarici auditoriyaya tanıdan tamaşalar təşkil etməklə bu sahədə böyük işlər görmək mümkündür.
Eyni zamanda gənc tamaşaçılara xitab edən müasir teatr üslublarından, məsələn, performans sənəti, multimedia texnologiyaları və virtual reallıqdan istifadə etmək, tarixi mövzuları gülməcələr, interaktiv teatr və eksperimental üsullarla təqdim etmək, uşaqlar və yeniyetmələrin marağına uyğun milli qəhrəmanların əfsanələrini canlandıran tamaşalar hazırlamaq, maraqlı səhnələrlə qəhrəmanlıq və milli birlik ideyalarını aşılayan layihələr yaratmaq, tamaşalardan sonra müzakirələr, seminarlar və ya interaktiv sessiyalar təşkil etməklə gənc nəsli milli ruha və adət-ənənələrimizə münasibətini formalaşdırmaqla onları texnologiyanın zərərli vərdişlərindən qoruya bilərik.
Nəticədə, dövlət ideologiyası mədəniyyət vasitəsilə geniş ictimaiyyətə çatdırılaraq cəmiyyətdə birlik, həmrəylik və milli şüurun yüksəlməsini təmin etmiş olur.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti