NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir.
Fəaliyyətinin müasir tələblərə cavab verməsinin təmin olunması istiqamətində muxtar respublika rəhbərliyin xüsusi diqqət və qayğısı sayəsində Mərkəzin maddi - texniki bazası gücləndirilib. Yeni tədris zalı, elektron lövhə və ən son texnoloji təminata sahib 25 ədəd kompüter istifadəyə verilib.
Fəaliyyətinin ilk ilində Mərkəzin təlimləri yüksək səviyyədə təşkili edilib. Əsasən dörd gündən ibarət təşkil edilən təlim paketləri, 4 və ya 5 moduldan ibarət olmaqla 12 tədris saatı şəklində tərtib olunub.
Keçirilən kursların sonunda dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. Təlimçiləri bütün tədris zamanı ekspertlər müşahidə edib ki, bu da öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir göstərib.
2018-ci il ərzində Mərkəz tərəfindən muxtar respublikanın mərkəzi və yerli icra orqanları və hüquq-mühafizə orqanları, rayon və şəhər təşkilatları, habelə digər dövlət idarə və müəssisələri üzrə 178 təşkilat olmaqla 250 nəfər maliyyə və mühasibat işçisini əhatə edən 13 kurs təşkil olunub.
Fəaliyyət dövründə Mərkəz tərəfindən dinləyicilərin gündəlik işlərində onlara faydalı olacaq 1 lüğət, 10 istiqamətdə 400 tədris materialı, 2 istiqamətdə 165 buklet və 500 nüsxədə məlumat kitabçası nəşr edilib.
2019-cu ildə isə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən 580 müəssisədən 702 sahibkar və maliyyə - mühasibatlıq işçisini əhatə edən təlim keçirilib.