“Son damla qanıma qədər Vətənimi müdafiə edəcəyəm”

A- A A+

Ən müqəddəs sevgi Vətənə, torpağa duyulan sevgidir. Bu ali sevginin yolu ilə gedənlər vətən yolunda canından keçib ən yüksək adı qazanırlar. Azərbaycan xalqı tarix boyu bu müqəddəs sevgini qəlbində yaşadaraq vətənini göz bəbəyi kimi qoruyub, ulularımızdan yadigar qalan əmanətə sahib çıxıblar. Elə 44 günlük Vətən müharibəsində geri qaytarılan vətən torpaqları kimi…

2020-ci il 27 sentyabrda başlanan Vətən Müharibəsi…

Xalqımızın qəhrəman oğulları sayəsində cəmi 44 günə zəfər qazanıldı. Onlar vətən deyib, döyüş meydanında igidlik göstərdilər. Belə cəsur oğullarımızdan biri də Ramazan Göydağlı idi.

Culfa rayonunun Kırna kəndində 1997-ci il fevral ayının 4-də dünyaya göz açan Ramazan orta təhsilini kənd məktəbində bitirdikdən sonra ordu sıralarına çağrılaraq əsgəri borcunu yerinə yetirir. Ordudan tərxis olunan qəhrəman 4 il müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olsa da, 2020-ci ilin sentyabr ayının 5-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına yazılır. Ramazan hələ 15 gün idi ki, xidmətə başlamışdı. Sentyabrın 27-də Ali Baş Komandan tərəfindən əks-hücum əmrinə hamıdan çox Ramazan sevinmişdi. Bu sevgi ilə o, tezliklə Qarabağa getməyə can atırdı. Təbii ki, komandirləri Ramazanın hərbi xidmətdə hələ yeni olduğu üçün döyüşlərə qatılmasına icazə vermirdilər. Ancaq istəyindən dönməyən Ramazan təkidlə “Son damla qanıma qədər Vətənimi müdafiə edəcəyəm”, deyib-döyüşə könüllü olaraq qatılmaq istədiyini bildirir. O, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılaraq mərdliklə düşmənlə mübarizə aparır. Onun döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı şəhərlərindən keçir. Sonuncu döyüşü Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində olur. Aparılan əməliyyatlarda şücaətlər göstərən Ramazan 28 oktyabr tarixində şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Noyabr ayının 2 də doğulduğu Kırna kəndində dəfn edilib.

Vətəninə şərəflə xidmət edən şəhid əsgər Ramazan Göydağlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: