Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

A- A A+

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordubad rayonu üzrə 5, Culfa rayonu üzrə 5, Şahbuz və Sədərək rayonlarının hər biri üzrə 2 hektar daşlı və çınqıllı ərazi abadlaşdırılaraq su xətti ilə təmin edilib, həmin ərazilərdə yeni meyvə və üzüm bağları salınıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2017-ci illə müqayisədə çoxillik əkinlərin sahəsi 47 hektar artırılaraq 1673 hektara çatdırılıb, bunun da 1424 hektarı meyvə bağları, 249 hektarı isə üzümlüklərdir. Müqayisə olunan dövrdə meyvə bağlarının sahəsi 37 hektar, üzümlüklərin sahəsi isə 10 hektar artıb.

Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunub, əkin sahələri genişləndirilib, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlib.

Ötən il torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlərin keçirilməsi də diqqətdə saxlanılıb, Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: