Sərxan Məmmədov: Dövlət dəstəyi və subsidiya fermerlər üçün zəruri müdafiə mexanizmi yaradır - MÜSAHİBƏ - FOTOLAR
Aqrar Sığorta Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədovun NUHÇIXAN-a müsahibəsi:
-Sərxan müəllim, Aqrar Sığorta Fondunun Naxçıvan filialının təsis edilməsinin zəruri səbəbləri nə idi?
-Aqrar sığorta sisteminin dayanıqlığı və inkişafına kömək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını artırmaq, fermer və istehsalçıların maliyyə imkanlarına dəstək olmaq məqsədilə yaradıldı bu filial.
-Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi hansı qaydalar əsasında olacaq?
-Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.
-Bu sığorta Naxçıvanda hansı məhsulları və riskləri əhatə edir?
-Aqrar sığorta bitkiçilik, heyvandarlıq və akvakultura məhsullarını və aqrar sığorta fondunun təyin etdiyi riskləri əhatə edir.
-Bu fondun əsas məqsədi və missiyası nədən ibarətdir və kimlər bu fonda müraciət edə bilər?
-Aqrar Sığorta Fondunun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və hər zaman öz öhdəliklərini yerinə yetirməkdir. Təsərrüfatla məşğul olan bütün fermerlər fonda müraciət edə bilərlər.
-Sığorta dövlət tərəfindən subsidiyalaşdırılırmı?
-Bəli
-Sığorta necə hesablanır və təsərrüfat sahəsinə görə dəyişirmi?
-Hər məhsul üzrə və təsərrüfat sahəsinə uyğun olaraq hesablanma qaydası sığorta tarifindən asılı olaraq dəyişir. Buna nəzərən bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir.
-Sığorta hansı təbii fəlakətlərə şamil olunur?
-Bitkiçilik məhsullarında dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri şamil olunur.
Heyvandarlıq üzrə isə aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarlarında təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.
-Sığorta hansı heyvan və bitki növlərinə şamil edilir?
-Heyvandarlıqda:
-11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);
-11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);
-11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bunlar buğda, arpa, qarğıdalı, kartof və başqa bitkilərdir.
Müqavilə hansı şərtlərə əsasən bağlanır?
-Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
-EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.
*Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
*İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını fondla razılaşdırmalıdır.
*Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilir.
*İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
-Zərərin qiymətləndirilməsi hansı meyarlarla ölçülür?
-Zərərin araşdırılması və qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.
-Ödənişlər hansı müddətə və necə həyata keçirilir?
-Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
-Sığorta müqaviləsinin müddəti və yenilənməsi necə həyata keçirilir?
-Heyvandarlıq təsərrüfatında 1 ildən 3 ilə kimi, bitkiçilik məhsullarında isə bitkilərin fenoloji dövründən asılı olaraq sığorta müqaviləsinin müddəti dəyişir.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru