Vətəni uğrunda mübarizə aparıb, haqq yolundan dönməyib, ölümləri ilə yurdumuzu müqəddəs məkana çevirən Şəhidlərimiz - bizim and yerimiz, qürur mənbəyimizdir! Ölümün gözünə dik baxıb, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan qəhrəman oğullarımız hər zaman düşmənə sübut ediblər ki, Vətən torpağının bir qarışı belə onlara verilə bilməz. Belə oğullarımızdan biri də Naxçıvan torpağının yetirməsi Mirəsgər Mirabdulla oğlu Seyidovdur.
1970-ci il fevral ayının 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olan Mirəsgər ilk təhsilini Naxçıvan şəhər 39 saylı orta məktəbdə alıb. Əsgəri xidmətini sovet ordusu sıralarında yerinə yetirən qəhrəman ordudan tərxis olunduqdan sonra Naxçıvan şəhərinə qayıdır. Həmin dövrdə ermənilər "böyük Ermənistan" yaratmaq arzuları ilə Qarabağ və Naxçıvan bölgəsinə təcavüzkar hücumlar etməyə başlamışdı.
Naxçıvanın sərhəd kəndlərinə hücum edən düşmənlə mübarizə aparmaq üçün bu yurdun qeyrətli oğulları sinələrini sipər edib, quldur ermənilərin bir addım belə irəli gəlməsinə göz yummadılar. Həmin igidlər sırasında Mirəsgər Seyidov da var idi. Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində döyüşlərə könüllü qatılan Mirəsgər döyüşün ən çətin anlarında belə o, silahdaşlarının köməyinə çatıb, düşmənə ağır zərbələr vururdu. Onun cəsur və qorxmazlığı düşmənin canına qorxu salmışdı.
1992-ci il iyun ayının 14-ü…
Mirəsgər Seyidov sonuncu döyüşdə mühasirəyə düşən yoldaşlarını xilas etməyə çalışarkən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Vətənin igid oğlu Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidmətlər göstərib, vətəndaşlıq borcunu yerinə yetirən Mirəsgər Seyidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Qəhrəmanımızın adı əbədiləşdirilərək oxuduğu Naxçıvan şəhər 15 saylı tam orta məktəbə verilib. 2016-ci il dekabırın 16-da İctimai televiziya Milli Qəhrəman Mirəsgər Seyidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru