Eyni gündə dünyaya göz açan 3 qəhrəman

A- A A+

Onlar mütəlif illərdə ancaq, eyni gündə dünyaya göz açıb, eyni arzuya, istəyə sahib olan qəhrəmanlar olublar. Arzularına çatmaq üçün çıxdıqları yol isə onları yüksək zirvəyə, ali məqama qovuşdurub. Bu məqam sahibləri cismən olmasalar da, tarixin hər dövründə xalqın qəlbində əbədiyyət qazanaraq yaşayırlar.

NUHÇIXAN xəbər verir ki, bu gün xatirələrini anıb, yad etdiyimiz Azərbaycanın Milli qəhrəmanlarından - Firudin Şamoyev, Nazim Babayev və Nazim Quliyevin doğum günüdür.

Azərbaycanın hərb tarixinə adını yazıb, Milli Qəhrəman adını qazanan oğullar gələcək nəsillərə nümunə olublar. Belə oğullardan biri də Firudin İsa oğlu Şamoyevdir. O, 1962-ci il fevral ayının 7-də Qazax rayonunda anadan olub. Orta təhsil illərindən yaşıdlarından seçilən Firudin təbiətcə mehriban, vətənpərvər gənc olub. İdmanla məşul olmağı çox sevən qəhrəman orta təhsilini bitirib, ordu sıralarında xidmətə başlayanda da cəld-çevikliyi ilə əsgərlər sırasında fərqlənib. Xidmətini başa vurub doğma rayonuna qayıdan Firudin Şamoyev əmək fəaliyyətilə məşğul olur. Çox keçmir ki, Qarabağ bölgəsinin sərhəd kəndlərinin ermənilər tərəfindən talan edilib, dinc əhaliyə divan tutulması xəbəri eşidilir. Bu vəziyyətlə razılaşmayan gənc qəhrəman vətəni qorumaq üçün 1991-ci il iyunun 8-də könüllülərdən ibarət dəstəyə qatılır. Firudin “N” saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunur. O, Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində iştirak edərək düşmən mövqelərinin məhv edilməsində rəşadət göstərir. Bir çox qanlı döyüşlərdə düşmənə ağır zərbələr vuran cəsur komandir 1992-ci il aprel ayında Quşçu Ayrım kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Qazax rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən uğrunda xidmətləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilən Firudin Şamoyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Qazax şəhərindəki 4 nömrəli tam orta məktəbə və şəhərin mərkəzi küçələrindən birinə verilib. Həmçinin onun xatirəsinə bulaq tikilib.

1995-ci il mart hadisələri…

Milli ordunun gənc əsgərlərindən biri olan Nazim Babayev 1975-ci il fevral ayının 7-də Salyan rayonunun Aydıngün kəndində anadan olub. Orta təhsilini kənd məktəbində başa vuran qəhrəman bir müddət sovxozda çalışıb. O, 1993-cü ildə ordu sıralarına çağrılaraq hərbi təlimlərdə iştirak edib. Həmin dövrdə Qarabağ bölgəsi od-alav püskürən döyüş meydanına çevrilmişdi. Hərbi təlimləri başa vuran gənc əsgər cəbhəyə yollanaraq torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli, Tərtər bölgələri uğrunda gedən döyüşdə qəhrəmanlıqla vuruşaraq vətənə xidmət borcunu yerinə yetirib. 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunduqdan sonra döyüşlərin dayanmasına görə o, yenidən hərbi təlimlərə qatılır. Əsgəri xidmətini şərəflə yerinə yetirən Nazim Babayev 1995-ci ilin mart ayında ölkəmizin müstəqilliyinə qəsd edən bir qrup qiyamçının başlatdığı qiyamın qarşısını almaq üçün mübarizə aparır. Həmin günlərdə xalq həyacanlı günlərini yaşayırdı. Ancaq vətənin igid oğulları ölkəmizin başının üstünü alan qara buludları tezliklə dağıdıb, aydın səmaya qovuşdura bildi. Qiyamın yatırılmasında qəhrəmanlıqla vuruşub, ölkəmizin müstəqilliyini qoruyan Nazim Babayev qarşıdurma zamanı açılan atəşlə ağır yaralanıb, şəhidlik zirvəsinə ucalır. Gənc qəhrəman Qaraçala kənd Şəhidlər xiyabanında dəfn edilib.

Milli Ordunun əsgəri Nazim Babayev ölkəmizin müstəqilliyinin qorunmasında göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Xatirəsi əziz tutulan qəhrəmanın adı Salyan şəhərindəki küçələrdən birinə verilərək Salyan şəhər parkında büstü qoyulub.

Vətən uğrunda mübarizəsindən dönməyən qəhrəman…

İgidliyi və qormazlığı ilə xalqın xatirəsində yaşayan qəhrəmanlardan biri də Nazim Quliyevdir. 1965-ci il fevral ayının 7-də Beyləqan rayonunun Örənqala kəndində dünyaya göz açan qəhrəman bu kənddə böyüyüb boya-başa çatıb. Ordu sıralarına çağrılan Nazim nümunəvi xidmətinə görə 6 aylıq hərbi kursa göndərilib. Əsgəri xidmətini başa vurduqdan sonra doğma yurduna qayıdan qəhrəman bir müddət şərab zavoduna işləyir. O, 1988-ci ildə, Qarabağ münaqişəsi başlayan gündən özünümüdafiə dəstələrinin tərkibinə qatılıb, döyüşlərdə iştirak edir. Nazim Quliyev 1991-ci ilin aprel ayında Füzuli Rayon Polis Şöbəsində post-patrul rotasına sıravi polis kimi işə qəbul olur. O, Füzuli rayonunun kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib, mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərir. Nazim Quliyev vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə polis starşinası rütbəsi alıb, bölmə komandiri təyin edilir. Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşan qəhrəman Köşbək kəndi uğrunda gedən döyüşlərdə 7 əsgəri mühasirədən çıxarıb, düşməni geri çəkilməyə məcbur edir. O, vaxt itirmədən idarə etdiyi BTR-lə birbaşa düşmən üzərinə hücum edir. İlk həmlədə ermənilərin 2 əsas döyüş nöqtəsi susdurulsa da, cəsur komandir qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Füzuli rayonunda dəfn edilib.

Vətən torpaqlarının qorunmasında rəşadət göstərib, vəzifə borcunu şərəflə yerinə yetirən Nazim Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli Qəhrəmanın adı oxuduğu Örənqala kənd orta məktəbinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: