“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə 34 eksponat təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə yeni eksponatlar təqdim olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər.
Culfa rayonunun Kırna kənd sakini Sona Əsgərova, Milax kənd sakini Elman Hacıyev, Camaldın kənd sakini Tünzalə Məmmədova və Ərəfsə kənd sakini Aqil Qələndərov tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küp, mis məişət əşyaları, yun darağı, cəhrə, kirkit, oraq, ütü və digər nümunələrdən ibarət 34 eksponat “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə təqdim edilib.
Kırna kənd sakini Sona Əsgərova və Milax kənd sakini Elman Hacıyev çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər vacib və əhəmiyyətlidir. Bu eksponatların muzeyə verilməsi xalqımıza məxsus tarixin və mədəni sərvətlərin yaşadılması, eyni zamanda yeni nəsillərə çatdırılmasına xidmət edir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Qeyd edək ki, 2016-ci ildən fəaliyyət göstərən muzeydə qədim tariximizi və mədəniyyətimizi əks etdirən 256 eksponat mühafizə olunur.
Ərhan Novruzov