Onlar “Vətən bizimdir!”,- deyib canlarından keçdilər

A- A A+

Bu vətənin qəhrəman oğulları dünəndə olub, bu gün də var, sabah da olacaq! Ta qədimdən vətənini, müqəddəs bilib, gözbəbəyi kimi qoruyan ulularımızın bu torpaq sevgisi qərinələr ötsə belə, dəyişməyib, bizlərə yadigar qalıb. Tarixin hansı dövrü olur-olsun vətənimizə gözdikən yağı düşmənin qarşısında xalqımızın qeyrətli qız-oğlu sinəsini sipər edib, vətənini qoruyubdur.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə adını yazan şəhidlərimizdən - Nüsrət Məmmədov, Zaur Qasımov, Bağır Ələkbərov və Babaxan Babayevin bu gün doğum günüdür.

Nüsrət Hüseyn oğlu Məmmədov 1973-cü il fevral ayının 10-da Babək rayonunun Sirab kəndində anadan olub. Sirab kənd məktəbində orta təhsilini 8-ci sinfə qədər bitirən Nüsrət sonra qiyabi məktəbdə orta təhsilinə davam edərək dərzilik sənətinə yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Mineral Sular İstehsalat Birliyinin Sirab zavodunda sürücü olaraq başlayan qəhrəman bir ilə yaxın burada işlədikdən sonra 1992-ci ilin yanvar ayında ordu sıralarına çağrılıb. Əsgəri xidmətini Naxçıvan şəhərində yerinə yetirən gənc əsgər sonra Sədərək bölgəsinə göndərilərək ön cəbhədə xidmətinə davam edib. Həmin dövrdə Sədərək od püskürən döyüş meydanına çevrilmişdi. Ermənilərin “Naçıvana sahib olma” xəyalı vətənin qeyrətli oğulları tərəfindən məhv edilirdi. May ayında yenidən güclü hücuma keçib, Mil dağını ələ keçirmək istəyən ermənilərlə böyük mübarizə aparan vətənin igid oğulları sırasında Nüsrət Məmmədov da var idi. Həmin gün Mil dağının müdafiəsi uğrunda şücaət göstərən 17 igidimizdən biri Nüsrət Məmmədov da vətən uğrunda şəhid olub. On gün sonra döyüş meydanından çıxarılan qəhrəman Naxçıvan şəhərində Şəhidlər xiyabanıda dəfn olunub.

Vətənə xidmət borcunu yerinə yetirərkən ali məqama yeksələn qəhrəman oğullardan biri də Qasımov Zaur Cəfər oğludur. 1979-cu il fevral ayının 10-da Kəngərli rayonunun Xok kəndində anadan olan Zaur orta təhsilini kənd orta məktəbində başa vurub. 1998-ci il aprel ayında ordu sıralarına daxil olan qəhrəman xidməti borcunu şərəflə yerinə yetirib. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəman mərd, qorxmazlığı ilə digər əsgərlərdən seçilib. Zaur Qasımov iştirak etdiyi sonuncu təlimdə mərmi partalamsı nəticəsində beş nəfər hərbçi yoldaşı ilə birlikdə həlak olub. Şəhidimiz doğulduğu Xok kənd məzarlığında dəfn olunub.

44 günlük Vətən müharibəsinin qəhrəmanları…

27 sentyabr 2020-ci il… Səhəri əks-hücum əmri ilə açan Azərbaycan Ordusunun zabit və əsgər heyətinin hər birinin bir istəyi vardı: Yerini bilməyən, həddini aşan düşmənin başını dəmir yumruqla əzmək! Bu arzu ilə döyüşə qatılan qəhrəman oğullardan biri də Bağır Əsəd oğlu Ələkbərov idi.

10 fevral 1995-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açan gizir Bağır Ələkbərov Culfa şəhər 2 nömrəli tam orta məktəbində təhsilini bitirib. Həqiqi hərbi xidmətə çağırılan gənc qəhrəman hərbi xidməti başa vurduqdan sonra ordu sıralarına qatılaraq, gizir rütbəsində Vətənə xidmətini davam etdirib. 2016-cı ildə Günnüt əməliyyatında qəhrəmanlıq göstərən Bağır Ələkbərov komandanlıq tərəfindən təşəkkürə layiq görülüb. Sonra Türkiyədə və Bakıda keçirilən beynəlxalq yarışlarda da iştirak edən Bağır Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunan snayper hazırlığı kurslarında birinci dərəcəli sertifikata layiq görülüb. Vətən müharibəsi başlayanda Naxçıvandan Qarabağa yollanan döyüşçülərdən bir olan Bağır Ələkbərov Hadrut istiqamətində gedən döyüşlərdə ermənilərin onlarla canlı qüvvəsini məhv edir. Ordunun qəhrəman giziri 15 kəndimizin işğaldan azad olunmasında rəşadət göstərib, düşmənə ölümcül zərbələr vurur. Hadrutun düşməndən azad olunması uğrunda mərdliklə döyüşən Bağır Ələkbərov 2020-ci il oktyabrın 14-də şəhidlik zirvəsinə yüksəlir. Vətənin igid oğlu Naxçıvan şəhərində dəfn olunub.

Qeyd edək ki, ailəli olan şəhidimizdən Əsəd və Tunar adlı 2 övladı Vətənə əmanət qalıb.

Şəhid gizir Bağır Ələkbərov döyüş zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət qayğısı ilə əhatə olunan şəhidimizin ailəsi 2021-ci ildə, Silahlı Qüvvələr günündə mənzillə təmin olunub.

“Biz ölmürük, şəhid oluruq”

Vətənin qəhrəman oğullarından biri də Babaxan Əlövsət oğlu Babayevdir. 1996-cı il fevral ayının 10-da Şərur rayonun Yuxarı Yaycı kəndində anadan olan Babaxan orta təhsilini Sabunçu rayonunun Pirşağı qəsəbəsində 188 nömrəli tam orta məktəbdə alıb. Bu dövrdə idmanla məşğul olan qəhrəman sərbəst güləş üzrə üç dəfə Azərbaycan Çempionu adını qazanıb. Orta təhsilini 2014-cü ildə başa vuran Babaxan Babayev sonra Ordu sıralarına daxil olaraq əsgəri xidmətini qüsursuzca yerinə yetirib. Bir müddət müxtəlif sahələrdə çalışan Babaxan 2019-cu ildə yenidən Ordu sıralarına qayıdaraq müddətdən artıq hərbi qulluqçu olaraq xidmət edir. Vətən müharibəsi başlayan zaman Qarabağa kəşfiyyatçı olaraq yollanan qəhrəman Füzuli, Murovdağ, Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşur. O, düşmən qüvvəsinin məhv edilməsi və bir sıra strateji yüksəkliklərin azad olunmasında rəşadət göstərir. Onun sonuncu döyüşü oktyabrın 17-si olur. Hadrut uğrunda gedən döyüşdə ağır yaralanan vətənin igid oğlu son nəfəsində “Biz ölmürük, şəhid oluruq”,- deyərək həyata gözlərini əbədi yumub. Qəhrəman 24 oktyabrda Şərur şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, şəhidimiz Babaxan Babayev vətən qarşısında xidmətlərinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: