Yenə işıqforda - qırmızıda dayanmışdım. Rəqəmlər saniyə-saniyə dəyişdikcə fərqinə vardım ki, bizi onlar idarə edir. Geriyə gedən rəqəmlər məni dayanmağa, sonra isə hərəkət etməyə məcbur edir.
Nəticədə dəyişən tək şey işıqforun rəngidir.
Həyatımız da belədir: qırmızı işıq yaşımız, yaşıl işıq qazancımızdır. İrəli getdiyimizi sanırıq, amma əslində, geriyə gedirik. Qazancımız artdıqca yaşımız da artır və sonda dəyişən tək şey rəng və rəqəmdir – daha uzun illər, sonra qara torpaq, 3, 7, 40…
Həyatımızın necə olacağı da rəqəmlərdən asılıdır. Doğru zamanda, doğru yaşda, düzgün rəqəmi toplasan (məsələn, imtahan balı və s) həyatını dəyişə bilərsən.
Məsələ təkcə rəqəmlərin böyüklüyü deyil. Bəzən kiçik rəqəmlər milyonlardan daha dəyərli olur.
Məsələn, xroniki xəstəliyi olan, cəmi 3 ay ömrü qalmış bir milyoner. Burada 3, milyonlardan qat-qat böyükdür.
Doğulduğumuz gündən bəri doğum günümüzü qeyd edirik, müəyyən yaşa çatanda anlayırıq ki, əslində, qocalmağımızı qeyd edirmişik. O zaman uşaqlığımızın, gəncliyimizin dəyərini anlayır, o illərə qayıtmaq istəyirik.
Salvador Dalinin əriyən saatları… Sürətlə keçən zaman və həyatın qeyri-müəyyənliyi…Dalinin əriyən saatları kimi hər bir rəqəm özümüzü necə formalaşdırdığımıza və zamanı necə əritdiyinə işarədir. Kiçik rəqəmlər bəzən böyük dəyişikliklərə səbəb olur, biz də həyatımızda onları sayarkən zamanın sürətlə necə əriyib getdiyini hiss edirik.
Və ya dünyaya qoca gəlib zamanla gəncləşən Benjamin… Tərsinə işləyən zaman… Ya belə, ya da tərsinə… Zaman bütün rəqəmləri köksündə əridir, bəzən yavaş-yavaş, bəzənsə bircə udumda…
Atalar demişkən: “Sən saydığını say, gör fələk nə sayır.”
İnsan ölənə qədər sayır, həyat bizim saydaşımızdır…
Ağali Rəhimov
Naxçıvan televiziyasının əməkdaşı