Təhsil həyatın başlanğıcıdır, iş isə sonu olmamalıdır... - FOTOLAR

A- A A+

18 yaşına çatmamış uşaqların əməyə cəlb edilməsi, cəmiyyətin qaranlıq künclərində gizlənən və göz ardı edilən ciddi bir problem olaraq qalır. Uşaqların erkən yaşlardan iş həyatına atılması yalnız onların gələcəyini deyil, həm də sağlamlıqlarını, təhsil alma hüququnu və inkişaflarını ciddi şəkildə təhdid edir. Bu problem sosial və iqtisadi şəraitin səbəb olduğu məsələdir ki, qarşısını almaq üçün müxtəlif dövlət qurumları birgə mübarizə aparırlar. Uşaqların əməyə cəlb edilməsinin səbəbləri, yaratdığı təhlükələr hüquq və mühafizə orqanları tərəfindən daima nəzarətdə saxlanılır.

Uşaqların erkən yaşlarda işə cəlb edilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına təsir edə bilər. Uşaqlar erkən yaşlarda iş həyatına atıldıqda həm uşaq kimi böyümür, hıəm də təhsildən məhrum olurlar. Həmçinin uşaqların iş mühitinə erkən daxil olmaları onların gələcək inkişaflarını da təhdid edir, çünki bu, onların sosial bacarıqlarını məhdudlaşdırır. Bu səbəbdən, uşaqların hüquqlarını müdafiə etmək çox vacibdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan şəffaf təhsil islahatları nəticəsində belə hallara çox az rast gəlmək olar. Demək olar ki, bu hallar əksərən yay tətillərində və təhsildən kənar vaxtlarda müşahidə olunur. Bəs qanunlar və aidiyyatı qurumlar bu haqda nə deyir?

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli NUHÇIXANA müsahibəsində bildirdi ki, uşaq hüquqlarının qorunmasının priotitet istiqamətlərindən biri də uşaq əməyinin istismarının qarşısının alınmasıdır.

Komitə uşaqların əməyə cəlb olunmasının qarşısını almaq üçün bir sıra mühüm addımlar atır. Bizim fəaliyyətimizin əsas istiqamətləri arasında uşaqların əməyə cəlb olunmasının qarşısının alınması, hüquqi tənzimləmələrin gücləndirilməsi, maarifləndirmə və bu sahədə cəmiyyətin həssaslığının artırılması yer alır. Komitə bu istiqamətdə bir neçə əsas proqramı həyata keçirir. İlk növbədə, yerli hakimiyyət və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir, mütəmadi olaraq uşaqlarla bağlı əməyə cəlb olunma hallarını araşdırır və bu cür halların qarşısını almaq üçün əməli tədbirlər görürülür. Həmçinin, uşaqların əməyə cəlb olunmasının qarşısını almaq üçün maarifləndirmə kampaniyaları təşkil edilir. Bu kampaniyalarda valideynlərə və cəmiyyətə uşaqların əməyə cəlb edilməsinin təhlükələri və hüquqi nəticələri haqqında məlumat verilir.

Komitənin həyata keçirdiyi digər mühüm layihə isə məktəblərdə uşaq hüquqları ilə bağlı təlimlərin keçirilməsidir. Uşaqların öz hüquqlarını bilmələri onların özünü qorunmasında köməklik edir. Əlavə olaraq uşaq əməyinin qarşısının alınması məqsədilə sosial xidmət və psixoloji dəstək proqramları təşkil edilir, ki bu proqramlar uşaqlara psixoloji və sosial dəstək göstərir. Onları zorakılıqdan və istismardan qorumağa yönəlir.

Qanunvericiliyə əsasən, 18 yaşına çatmamış uşaqların əməyə cəlb edilməsi qanunsuzdur və buna görə ciddi hüquqi məsuliyyət nəzərdə tutulur. Əmək Məcəlləsində qeyd olunduğu kimi 18 yaşına çatmamış şəxslərin ağır, təhlükəli, zərərli işlərdə çalışması qadağandır və onların əməyə cəlb olunmasında xüsusi tələblər müəyyən edilir. 15 yaşdan yuxarı uşaqların əməyə cəlb olunması zamanı əmək müqaviləsi bağlanarkən, həm işəgötürən, həm də işçi olan gənc şəxsin hüquqları qorunmalıdır. Bu yaş qrupundakı uşaqlar yalnız yüngül və fiziki, psixoloji sağlamlığa zərər verməyən işlərdə işləyə bilərlər.

15 yaşdan yuxarı uşaqların əməyə cəlb olunması zamanı əmək müqaviləsi bağlanarkən, valideynlərin və ya qəyyumlarının razılığı tələb olunur. Beləliklə, onların sağlamlığına və inkişafına mənfi təsir göstərən ağır, təhlükəli və ya zərərli işlərdə işləmələri qəti qadağandır.

Komitə daxilində uşaqların əməyə cəlb edilməsi məsələsinə diqqət yetirmək və bu sahədə yaranan problemləri həll etmək üçün xüsusi bir komissiya fəaliyyət göstərir. Bu komissiyanın əsas vəzifəsi uşaq hüquqlarının qorunması, onların əməyə cəlb olunmasının qarşısının alınması və əməyə cəlb olunan uşaqların müdafiəsi ilə bağlı tədbirlərin görülməsidir. Komissiya, müxtəlif dövlət qurumları, hüquq-mühafizə orqanları, sosial xidmətlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək uşaqların əməyə cəlb edilməsi ilə bağlı müvafiq monitorinq və nəzarət tədbirləri həyata keçirir. Komissiya, əməyə cəlb olunmuş uşaqların vəziyyətini araşdırır, onların hüquqlarını pozan şəxsləri müəyyən edir və hüquqi tədbirlər görür. Eyni zamanda, komissiya, uşaqların təhlükəsiz şəraitdə böyüməsini təmin etmək və onların təhsil almaq hüquqlarını pozmamaq məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparır.

Komissiyanın fəaliyyətinə daxildir:

1. Uşaq əməyinin istismarının qarşısını almaq üçün qanunvericiliyin tətbiqinə nəzarət etmək;

2. Monitorinq və araşdırmalar aparmaq, əməyə cəlb olunmuş uşaqların vəziyyətini izləmək;

3. Uşaqların əməyə cəlb edilməsinin qarşısını almaq üçün cəmiyyəti maarifləndirmək, valideynlərə və işəgötürənlərə uşaqların əməyə cəlb olunmasının fəsadları barədə məlumat vermək;

4. Valideynlər və cəmiyyət üçün təlimlər təşkil etmək, uşaqların hüquqları və əməyə cəlb edilməsi ilə bağlı qanunvericiliyin düzgün tətbiqinə dair maarifləndirmə işləri aparmaq;

5. Uşaqların sosial dəstək almasını təmin etmək, onların təhlükəsizliyi üçün müvafiq tədbirlər görmək;

6. Uşaqların əməyə cəlb edilməsi ilə bağlı şikayətləri araşdırmaq və hüquqi tədbirlər görmək.

Həmçinin qeyd edək ki, bu aktual məsələ ilə bağlı hər hansı bir uşağın əməyə zorla cəlb edilməsi və ya hüquqlarının pozulması halları ilə üzləşmə halları olarsa şəhər telefonlarından (036 -545 39 75) nömrəsi ilə əlaqə saxlamaq kifayət edər.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov qeyd edir ki, Azərbaycanda, o cümlədən Naxçıvanda 18 yaşına çatmamış uşaqların əməyə cəlb edilməsi ilə bağlı qanunvericilik çox ciddi şəkildə tənzimlənir. Əmək məcəlləsinə əsasən, 15 yaşına çatmış uşaqlar yalnız müəyyən şərtlər daxilində işləyə bilərlər. Lakin bu, yalnız onların fiziki və psixoloji sağlamlığına zərər verməyəcək şəkildə olmalı və təhsil aldıqları vaxtda onların dərslərinə və inkişaflarına heç bir maneə yaratmamalıdır. Həmçinin, 16 yaşına çatmış uşaqlar müəyyən iş sahələrində işləyə bilərlər, amma bu zaman da onların iş saatları, iş şəraiti və görüləcək işin xarakteri çox sərt tənzimlənir.

Əmək müfəttişləri, bu qanunların pozulmasının qarşısını almaq, işəgötürənləri maarifləndirmək və şikayətləri ciddi şəkildə araşdırmaq üçün daima fəaliyyət göstərir.

Naxçıvanda bu cür hallara nadir rast gəlinir və sevindirici haldır ki, burada uşaqların əməyə cəlb edilməsi ilə bağlı ciddi pozuntular yoxdur. Bu, həm işəgötürənlərin, həm də cəmiyyətin qanunlara və uşaqların hüquqlarına hörmətlə yanaşdığını göstərir. Lakin, əlbəttə, bu sahədə hər zaman diqqətli olmaq və qanunların düzgün tətbiqini təmin etmək vacibdir. Əmək müfəttişliyinin əsas rolu işəgötürənlərlə əməkdaşlıq etmək, onlara qanunvericiliklə bağlı düzgün məlumat vermək və uşaqların əməyə cəlb edilməsinə dair mövcud tələblərə əməl etmələrini təmin etməkdir. Əgər hər hansı bir pozuntu aşkar edilərsə, dərhal tədbir görülür. Məqsəd uşaqların təhsil alması, sağlam şəkildə böyüməsi və gələcəkdə yaxşı vətəndaş kimi formalaşmasıdır.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon Prokrorluğunun əməkdaşı Jalə Amilqızı vurğulayır ki, konstitusiyanın ailə, uşaq və dövlət adlı 17-ci maddəsi 15 yaşına çatmamış uşaqların işə götürülməsini qadağan edir. Belə ki, Əmək Məcəlləsinin 250-ci maddɔsinə asasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı va saxlanılması işlərindɔ, narkotik vasitələrin, psixotrop maddələrin vɔ onlarn prekursorlarının dövriyyəsi ilə bağlı olan və hayatına, sağlamlığına va ya mənaviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şaxslərin əməyinin tətbiq edilməsi qadağandır. Bunun üçün, uşaqların təhsildən kənar fəaliyyətləri məhdudlaşdırılmalı, uşaqların gələcəyi, onların sağlamlığı və rifahı hər şeydən önəmli olmalıdır.

Profilaktik tədbirlər gücləndirilməli, televiziya kanallarında sosial layihələrin yayımlanması, məktəblərdə maarifləndirmə işlərinin aparılması zəruridir. Təhsil həyatın başlanğıcıdır, iş isə sonu olmamalıdır...

Səma Hüseynli

Naxçıvan Televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: