“Uğur olsun oğlum! Sən vətəni qorumağa gedirsən”

A- A A+

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!

İstəyirəm səma kimi, günəş kimi, cahan kimi! – deyən xalq şairi Xəlil Rza Ulutürk vətənə olan sevgisini hər şeydən üstün tutub. Onun qəlbən duyduğu azadlıq sevgisi, cənubi Azərbaycan, Təbriz nisgili heç nə ilə əvəzlənməyib.

7 il övlad həsrəti çəkən şair bu istəyinə çatsa da, Təbrizə olan həsrətini oğlunun adına qoymaqla təskinlik tapıb. Atasının Vətənə olan sevgisi, gənc Təbrizi də bu abhavada böyüdüb. Onun qəlbi də vətən, torpaq üçün döyünüb...

NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğum günüdür.

1964-cü il fevral ayının 12-də Bakı şəhərində şair Xəlil Rza Ulutürkün ailəsində anadan olan Təbrizin uşaq yaşlarından ürəyində bəslədiyi ən böyük arzusu Vətəni azad, bütöv görmək idi. 1981-ci ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi başa vuran Təbriz Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi olaraq davam etdirir. Həmin dövrdə o, əmək fəaliyyətinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı olaraq başlayır.

1988-ci ildən başlayarq ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları gənc qəhrəmanı dərindən sarsıdır. O, bu vəziyyətlə barışmayıb Qarabağa, cəbhəyə getməyə can atır. Bu qərarını atası Xəlil Rza Ulutürkə bildirən Təbriz: “Ata, mən cəbhəyə gedirəm, mənə uğur arzula”,- deyir. Vətənpərvər şair bircə balasının bu istəyinə böyük sevgi ilə “Uğur olsun oğlum! Sən vətəni qorumağa gedirsən”,- cavabını verir.

Qarabağı işğalçılardan azad etmək üçün 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşənlərdən biri də Təbriz Xəlilbəyli olur. Çox qısa döyüş yolu keçsə də, o, qəhrəmanlığı, vətənpərvərliyi ilə döyüşçü yoldaşları arasında böyük nüfuz və hörmət qazanır. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edən Təbriz cəsur döyüşçü olaraq düşmən hücumunun qarşısının alınmasında və yaralı yoldaşlarının ölümün pəncəsindən xilas olunmasında şücaətlər göstərir. Düşmənin xeyli canlı qüvvəsini məhv ediləsində göstərdiyi rəşadətə görə o, Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülür. Cəsur döyüşçü kimi yoldaşları arasında tanınan Təbriz 1992-ci il yanvar ayının 31-də sonuncu döyüşə qatılır. Mühasirəyə düşən yoldaşlarını xilas etməyə çalışan vətənin igid oğlu ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir. Təbriz Xəlilbəyli Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli olan qəhrəmanımızın iki qız övladı vətənə əmanət qalıb. Xalq şairi qəhrəman oğlunun şəhidliyini böyük qürurla qarşılasa da, qəlbində keçirdiyi bu ağrı, acını şeirlərində qələmə alıb:

Məqbərənə gül düzərək,

Gülüm, Təbrizim, Təbrizim!

Doğrudanmı səni tapdı

Ölüm, Təbrizim, Təbrizim!

Vətən torpaqlarının qorunmasında rəşadət göstərib, bu uğurda canından keçən Təbriz Xəlilbəyli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qəhrəmanın adı əbədiləşdirilərək Bakı şəhərində mərkəzi küçələrdən birinə verilib. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: