Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin xətti ilə 2024-cü ildə 2186 nəfər işlə təmin edilib. Onlardan 803 nəfəri haqqı ödənilən ictimai işlə təmin olunub. Habelə Naxçıvan şəhərində şəhər və Babək rayonu üzrə, Şərur rayonunda isə Şərur, Kəngərli və Sədərək rayonları üzrə əmək yarmarkaları keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin haqqı ödənilən ictimai işə cəlb olunması üçün 1000 vakant yerdən ibarət kvota ayrılıb. İlin sonuna 971 nəfər – “DOST İş Mərkəzi” MMC, 348 nəfər “Naxçıvan DOST İş Mərkəzi” MMC olmaqla, ümumilikdə haqqı ödənilən ictimai iş üzrə 1319 nəfər çalışıb.