Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ötən ilin yekunları müzakirə olunub

A- A A+

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırovla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi 2024-cü il ərzində keçirilmiş silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən televiziya layihələri və nəşrlər vasitəsilə hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib. Geridə qoyduğumuz ildə həyata keçirilmiş könüllülük proqramları və müxtəlifyönümlü tədbirlərlə gənclərin ixtisaslı kadrlar kimi formalaşmaları və onların iş mühitinə hazırlanmalarına töhfələr verilib. Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-praktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilib, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil olunub.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırov Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər. Həmçinin vahid təcrübənin tətbiqi ilə bağlı qarşıda duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış işlər üzrə verilmiş kassasiya şikayətlərinin say və həmin qərarların sabitlik göstəricilərinə, qanunun tələblərinə və vahid təcrübənin tətbiqi qaydalarına uyğun təhlil aparıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, bu il 100 illiyi tamam olan Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmin olunmasına və onların hüquqlarının bərpasına, eyni zamanda, ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: