Azərbaycanın qədim tarixini vərəqləyib, hər dövrünə nəzər saldıqda öyrənirik ki, Vətənimiz qeyrətli oğullar yetişdirib, həmin oğullar isə dövrünün qəhrəmanı olub yurdunu qoruyubdur. Belə qəhrəmanlar əsrlər keçsə də unudulmayıb, xalqın qəlbində xatirəsi əziz tutularaq yaşadılıb. Elə bu gün doğum günündə yad etdiyimiz Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədov kimi…
1975-ci il fevral ayının 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açan Xanoğlan Məmmədov vətənpərvər, ailəsinə bağlı bir gənc olaraq böyüyüb. Orta təhsil illərində çalışqanlığı ilə sinif yoldaşlarından fərqlənən Xanoğlan müəllim və şagirdlərin sevgisini qazanıb. Məktəbi bitirib 104 saylı texniki-peşə məktəbinədə təhsilini davam etdirən qəhrəman burada dülgərlik peşəsinə yiyələnib. Sonra ordu sıralarına çağrılan Xanoğlan bir çox hərbi təlimlərdə iştirak edərək xidmətini Pirişküldə, Murovdağda yerinə yetirib. Həmin dövrdə Qarabağ bölgəsində qanlı döyüşlər gedirdi. Gərgin vəziyyətlə bağlı tezliklə Xanoğlan Məmmədov Murovdağ cəbhəsinə göndərilərək bir çox qanlı döyüşlərədə iştirak edir. Sonra 1995-ci il martın 15-də Qazax-Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılara qarşı mübarizə aparan Xanoğlan atışma zamanı ağır yaralanaraq qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Qaraqaşlı kənd qəbiristanlığında dəfn olunub.
Ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyimizin qorunmasında vətəndaşlıq borcunu yerinə yetirib, bu uğurda şəhid olan Xanoğlan Məmmədov ölümüdən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək Neftçala Rayon Mədəniyyət evinə verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı