NUHÇIXAN xəbər verir ki, bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür. İlk dəfə bu gün 2012-ci ildə (“International Book Giving Day”) ABŞ-da kitabsevərlər tərəfindən qeyd olunub. Bu bayramın təşəbbüskarı ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoordur. Ancaq, bu ideyanı ona məsləhət bilən balaca oğlu olub. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir günün olmadığını soruşub. Beləliklə, yaranan “Kitab Bağışlama Günü” tezliklə dünyada qeyd olunmağa başlayıb. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan blogerlər bir araya gələrək insanları bu günü “Uşaqlara Kitab Bağışlama Günü” kimi qeyd etməyə çağırıblar. Bununla da, dünyanın bir çox ölkəsində 14 fevral kitab sevgisini paylaşmaq üçün xüsusi bir tarixə çevrilib. Artıq bu gün təkcə uşaqlar üçün deyil, bütün kitabsevərlər üçün xüsusi bir bayrama çevrilib.
Kitab dedikdə insanın ilk yazıb-oxumağa başladığı gün yadına düşür. Uşaqlığının əsas hissəsini kitab oxuyub, öyrənmək, bizi həyata gələcəyə daha, bilikli, savadlı yetişməyimizdə mühüm rolu olan bu varlıq əslində bütünlükdə bizi formalaşdıran məhfum olduğunu dərk edirik. Ona görə hansı yaşda olur-olsun kitaba olan ehtiyacımız bitməz. Məktəb yaşlarında oxuduğumuz hekayə və nağıllarla böyüyən biz, gənc yaşlarda isə roman və povestlərlə dünyamızı işıqlandırır, bir növ həyatın əsil üzünü bu kitablarda görüb öyrənərək daha sağlam addımlar atırıq. Onun üçün həyatımızda böyük rolu olan kitabları gəlin oxuyub, sevdiklərimizlə paylaşaq. Öz dünyamızı işıqlandırdığımız kimi onların da dünyasına işıq salaq.
“Kitab Bağışlama Günü”nüz mübarək!
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru