Torpaq mülkiyyətçilərinə gübrə paylanılır

A- A A+

Məlumdur ki, məhsul bolluğunun başlıca səbəbi dövlət tərəfindən sahibkarlara, kənd zəhmətkeşlərinə keyfiyyətli toxum sortlarının, gübrələrin verilməsi, kənd təsərrüfatı texnikalarından səmərəli istifadəyə şərait yaradılmasıdır. Rayonumuzun torpaq mülkiyyətçilərinin və fermerlərinin kənd təsərrüfatı texnikaları ilə, eləcə də məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələr, keyfiyyətli toxum sortları ilə təmin olunmalarına hər cür diqqət və qayğı göstərilir. Bu səbəbdəndir ki, kənd təsərrüfatının hər bir sahəsi, o cümlədən əkinçilik  rayonumuzun iqtisadiyyatının aparıcı sahəsinə çevrilmişdir. Bunu hər il sahələrdən bol məhsul götürülməsi, istehsalın ilbəil artırılması da sübut edir.

Bu günlərdə rayonumuzun torpaq mülkiyyətçilərinə qarşıdan gələn yaz aylarında əkin sahələrinə səpmək üçün güzəştli şərtlərlə gübrənin verilməsinə başlanılıb. Qeyd edək ki, gübrə Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin rayon bazası tərəfindən torpaq mülkiyyətçilərinə paylanılır. Ötən il rayonda 1411 hektar sahədə payız əkini aparılıb. Bunun üçün rayon bazasında kifayət qədər gübrə tədarükü görülüb. Əkilən bir hektar taxıl sahəsi üçün torpaq mülkiyyətçilərinə 175 kiloqram gübrə verilir. Ötən il bu rəqəm hər hektara görə 150 kiloqram təşkil edirdi. Torpaq mülkiyyətçilərinə verilən karbamid azot gübrəsidir, tərkibində 46% azot elementi var. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər yaxşı böyümür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Mütəxəssislər də havaların əlverişli keçməsindən istifadə edərək 1-ci yemləmə gübrəsinin taxıl əkinlərinə verilməsini məsləhət görür.

İnanırıq ki, torpaq mülkiyyətçiləri bu il də yaradılan şəraitdən, göstərilən dövlət qayğısından lazımınca bəhrələnəcək, daxili bazarları yüksək  keyfiyyətli kənd təsərrüfatı  məhsulları ilə təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərəcəklər.                 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: