Rayon Gənclər və İdman İdarəsi YAP Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi, təhsil şöbəsi ilə birlikdə rayonun bir qrup şahmatçısı ilə Kəngərli rayonunun şahmatçıları arasında yoldaşlıq görüşü keçiriblər. Tədbirin davamı olaraq şahmatçılarmız Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar türbəsində olublar. İlk dəfə olaraq buranı ziyarət edən şahmatçılar türbə haqqında bələdçi Gülçin Ağayevaya suallar ünvanlayıblar. G.Ağayeva bildirib ki, Naxçıvanın digər tarixi abidələri kimi, Qarabağlar türbəsi də onu tamaşa etməyə gələnləri yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizlikləri ilə heyran edir.
Kompleksin xanəgah hissəsində yerləşən eksponatlar şahmatçıların marağına səbəb olub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında onlarda dolğun təəssürat yaradıb. Həmçinin şahmatçılar ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablarla da tanış olublar.
Gəzintidə iştirak edən şahmatçılar türbə haqqında ətraflı məlumatlar əldə edərək buradan xoş təəssüratlarla ayrılıblar.
İdris Qəhrəmanov
“Oğuz səsi” qəzeti