Bu gün Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun doğum günüdür

A- A A+

Ölkəmiz müstəqilliyini qazandıqdan sonra onun daxilində baş verən qiyamlar, həmçinin ermənilərin torpaqlarımıza təcavüzkar hücumları xalqımızı səfərbər edib, vətən, millət naminə mübarizəyə qaldırdı. Bu mübarizədə bir çox igid oğullarımız canları bahasına olsa da, vətənimizin azadlığını, mütəqilliyini qorudular. Belə oğullardan biri də Elşad Ramiz oğlu Məmmədov idi.

1975-ci il fevral ayının 14-də Göygöl rayonunun Haçaqaya kəndində anadan olan Elşad orta təhsilini kənd orta məktəbində başa vurduqdan sonra təhsilinə Texniki Peşə məktəbində davam edib. 1993-cü ilin avqust ayında Göygöl Rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırılan qəhrəman 6 ay hərbi təlim keçib. Təlimlərdə cəsur və qorxmazlığı ilə fərqlənən Elşad tezliklə Qarabağa - döyüş bölgəsinə göndərilib. İlk döyüşə Tərtər bölgəsindən qatılan qəhrəman sonra Ağdərə uğrunda gedən döyüşlərədə iştirak edib. Gənc əsgər iştirak etdiyi əməliyyatlarda düşmən hücumunun qarşınının alınmasında qəhrəmanlıq göstərib. Atəşkəs elan olunduqdan sonra o, “N” saylı hərbi hissəyə qayıdıb xidmətini davam etdirir. Elşad Məmmədov 1995-ci il mart ayında dövlət çevrilişinə cəhd edən bir qrup qiyamçıyla mübarizə aparıb, qiyamın yatırılmasında şücaət göstərir. Həmin an qarşı tərəfdən atılan güllə gənc əsgərin sinəsinə tuş gəlir. Qiyam yatırılsa da, Elşadı ölümün pəncəsindən xilas etmək mümkün olmur. Dövlətimizin müstəqilliyi uğrunda şəhid olan vətənin iğid oğlu Göygöl rayonunun Qırıqlı kəndində dəfn edilib.

Milli ordumuzun gənc əsgəri Elşad Məmmədovun Vətən qarşısında xidmətləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın adı Göygöl rayon Haçaqaya kənd orta məktəbinə və kəndin küçələrindən birinə verilib. Gəncə-Daşkəsən yolunun üstündə şəhidin büstü qoyulub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: