Şahbuz Dövlət Təbiət Qoruğunun nadir ağacları

A- A A+

Batabat yaylağı flora və fauna cəhətdən zənginliyi, coğrafi xüsusiyyətləri, geniş və gözoxşayan meşələri, təmiz havası, sərin suları,  mülayim iqlimi ilə insanı özünə valeh edir. Özünəməxsus ağac növlərinin zənginliyi ilə gözoxşayan Batabat təbiətində hər bir bitki xüsusi gözəlliyə malikdir. Burada hətta elə ağaclara rast gəlinir ki, öz gözəlliyi, duruşu ilə də çox diqqət çəkir. Əsrarəngiz təbiətinə, relyefinə, iqliminə görə başqa bölgələrdən fərqlənən rayonumuzda da gözəl təbiət mənzərələrinin, flora və faunanın qorunması məqsədilə bir çox tədbirlər həyata keçirildi. Ulu öndərin təbiətimizə qayğısından doğan bir istəklə 2003-cü il 16 iyun tarixdə imzaladığı Fərmanla Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Bu Fərman rayonumuzun dilbər guşəsi olan Batabatın flora və faunasının qorunmasında çox böyük irəliləyişə səbəb oldu. Məlum  fərmanla yaradılan Şahbuz Dövlət Təbiət Qoruğunun fauna və florası uzun illərdir ki, zənginləşdirilir. Deyə bilərik ki, ulu öndərin respublikamızın əhalisinə ən qiymətli hədiyyəsi olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldığı bir gündən insanlar təbiətdən harada, nəyi necə götürməyi öyrəndi.  Şahbuz Dövlət Təbiət Qoruğu ulu Tanrının bu diyara bəxş etdiyi elə bir təbiət abidəsidir ki, onu öyrənmək bir ömür istər. Çünki ot, kol, ağac və onların meyvələrindən təşkil olunmuş yaqut, inci, zümrüd kimi rəngarəng, gözoxşayan təbii kolleksiyalara nəzər saldıqda, sanki məni qoru, mənə toxunma, məni gələcək nəsillərə çatdır ki, onlar da yer üzərində cənnətin var olduğunu görsünlər, deyərək insanlara xitab etməkdədir.

Batabatın hüsnünə yaraşıq verən, buranın incisi hesab edilən ağaclardan biri də şam ağaclarıdır. Şam ağacları öz gözəlliyi və ilboyu həmişəyaşıllığı ilə başqa ağaclardan fərqlənir. Meşədə belə nadir, azsaylı, həmişəyaşıl ağacları görənlər onun gözəlliyinə heyran olurlar. Ərazinin endemik bitkisi olan şam ağacları dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki palıd, yemişan, alma ağacları ilə bərabər, kiçik bir sahəni əhatə edir. Ən hündür şam ağacının uzunluğu 25 metrə çatır. Bu iynəyarpaqlı, həmişayaşıl ağacın gövdəsi qırmızımtıl, sarı rəngli qabıqla örtülüdür. Yarpaqları iynəşəkilli olub, sərtdir. Cüt-cüt yerləşir. Birevli bitkidir.

Erkək kisəciklər sarı rəngli olub, cavan budaqların gövdə hissəsində yerləşib, sünbül şəklində olur. Dişi çiçəklər qırmızımtıl olub, cavan budaqların uc hissəsində ayaqcıqlar üzərində yerləşir. Yaşıl rəngli qozalar ağaclaşaraq yetişdikləri gövdədə qonurlaşırlar. Bitkinin bu ilki toxumu gələn ilin mart ayına qədər yetişir və tökülür.

Son illərdə aparılan müşahidələr göstərmişdir ki, bu ağacların ərazidə təbii artımı yox dərəcəsindədir. Ərazidəki bu bitkilərin təsərrüfat əhəmiyyəti olmasa da, böyük elmi əhəmiyyəti vardır. Ümumiyyətlə, geniş ekoloji intervala malik şam ağacları çox qiymətlidir. Güclü kök sisteminə malik olmaları,  torpağın münbitliyinə və rütubətə az tələbkar, soyuğadavamlı və işıqsevər olduqlarından qumsal və qeyri-münbit torpaqlarda meşəsalma işlərində, qumsal torpaqların bərkidilməsində bu bitkilərdən istifadə etmək çox sərfəlidir.

Bütün ilboyu fotosintez prosesini həyata keçirərək oksigen hasil edən, mühiti ozon qatı ilə zənginləşdirən və ətraf mühitdə daima bakteriyaları məhv edən fitonsidlər buraxdıqlarından məktəblərin, uşaq bağçalarının, yaşayış məntəqələrinin ətraflarının şam ağacları ilə  zənginləşdirilməsi insan sağlamlığı baxımından çox xeyirlidir.

Ağacın gövdəsi qətranlı maddələrlə çox zəngindir. Yarpaqlarında çoxlu şəkər və vitamin vardır. Xalq təbabətində bitkinin  iynəyarpaqlarından bəlğəmgətirici, tənəffüs yolları və böyrək xəstəliklərində, dəri xəstəliklərində, yanıqlar zamanı yarasağaldıcı kimi  istifadə olunur.

Şam ağacları toxumlarla yaxşı çoxalır. Toxumlar fevral, mart aylarında toplanır. Hazırda şam ağacları qoruma altına alınmış qiymətli təbiət abidələrindəndir.

 

İntizam Əhmədov

Şahbuz Dövlət Təbiət Qoruğunun kiçik elmi işçisi

“Oğuz səsi ” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: