Culfa rayonunun müasir, abad və səfalı kəndlərindən biri də Xanəgahdır. Bu kənd rayon mərkəzindən 37 kilometr Şimalda Zəngəzur silsiləsinin yamacında, Əlincəçayın hər iki sahilində yerləşir. Əhalisi əkinçilik, üzümçülük, heyvandarlıq və arıçılıqla məşğuldur. Burada kəndin zəngin keçmişindən soraq verən, əsrlərin tarixinə lövbər salan izlər də mövcuddur. Əlincəçay dərəsinin sol yamacında Xanəgah kəndindən 2 kilometr Şərqdə yerləşən, hündürlüyü 1916 metr olan günbəzvari Xanəgah dağı bu yerlərin hüsnünə yaraşıq verir.
Bu yaşayış məntəqəsində aparılan tədqiqatlar nəticəsində orta əsrlərə aid yaşayış yeri aşkar olunub. Burada orta əsrlərə aid məscid var. Əlincəçay Memarlıq Kompleksinə daxil olan bu məscid Xanəgah türbəsinin baştağına bitişik tikilib, 2 dayaqla 6 hissəyə bölünüb, hər hissə günbəzlə örtülüb. Xanəgah türbəsi də Əlincəçay Xanəgah Memarlıq Kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə Xanəgah məscidində saxlanılır. Giriş baştağının memarlıq elementləri Möminə xatın türbəsinin ayrıntılarına oxşayır. Arxeoloji tədqiqatlar bu kəndin 2000 ildən artıq yaşının olduğunu söyləyir. Xanəgah nekropolundan tapılmış bir neçə nümunə hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Qoynunda tarix-mədəniyyət abidələrini yaşadan Xanəgah muxtar respublikanın abad kəndləri sırasına qoşulub. Burada yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, Xanəgah Abidələr Kompleksi bərpa olunub. Abidəyə qədər uzanan avtomobil yoluna qara örtük salınıb. Dövlətin bu qayğısı insanların yurd yerinə, torpağa olan sevgisini birə-beş artırıb. Rahat və xoşbəxt həyatın şirinliyini hiss edən sakinlər daha çox halal zəhmətə qatlaşırlar. Kəndin torpaq mülkiyyətçiləri ötən il 30 hektar sahədə taxıl, 3,5 hektar sahədə kartof, 3 hektar sahədə noxud becərmişlər. Çəkdikləri zəhmətin bəhrəsi də onları sevindirib.
Torpaq, onu heç vaxt tərk etməyənlərin ən sadiq dostudur. Çünki torpaqla ülfət insana bolluq və firavan həyat bəxş edir. Ona görə də torpağın hər zaman qədrini bilməliyik ki, yüksək məhsul bolluğu yarada bilək. Torpaq mülkiyyətçilərinə gübrə verilməsi, sahələrin müntəzəm suvarılması, məhsuldar toxum sortları ilə təchiz olunması becərmə tədbirlərini vaxtında aparmağa, sahələrdən bol məhsul götürməyə imkan taradıb. Ərsəyə gələn məhsulun üyüdülməsi üçün də rayonumuzda münbit şərait var. Rayonun Dərəlikdə fəaliyyət göstərən dəyirmanı ilə yanaşı Saltaq və Kırna su dəyirmanlarından da səmərəli istifadə edilir. Çünki su dəyirmanlarında üyüdülən unun çörəyi daha keyfiyyətli olur.
Kənddə turizmin inkişafına səbəb olan amillər də çoxdur. Bu amillərdən biri Xanəgah Abidələr Kompleksinə və Əlincə qalasına yeni həyat verilməsidirsə, digər səbəb sakinlərin qonaqpərvərliyidir. Çünki bu yerin sakinləri o qədər mehribandırlar ki, hansı qapını açsan səni doğmaları kimi qarşılayacaqlar. Çünki kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır.
Hüseyn Şəkərəliyev
“Arazən səsi” qəzeti