Azərbaycanın tərbiyə, məktəb və mədəniyyət tarixindən bəhs edərkən XIII əsrdə yaşamış, dünya şöhrətli mütəfəkkir Nəsrəddin Tusinin fikirlərini xatırlamamaq olmaz. Nücum, tibb, həndəsə, riyaziyyat, fəlsəfə, ədəbiyyat, psixologiya, iqtisadiyyat və s. kimi elm sahələrinə dair dəyərli əsərləri və fikirləri dahi mütəfəkkirə böyük şöhrət gətirib. Nəsrəddin Tusinin zəhməti ilə qurulan Marağa rəsədxanası Şərq elmi, təhsili və mədəniyyətinin ən əzəmətli abidələrindən biridir. Onun “Əxlaqi-Nasiri” əsəri isə yaratmış olduğu Marağa rəsədxanası qədər məşhurdur.
Bu əsərin yaranma tarixini şərh edən Tusi göstərirdi ki, İsmaili hökmdarı Nasir əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlandığından Tusini yanına çağıraraq Əbu Əli Əhməd İbn Məhəmməd İbn Yaqub İbn Misqəveyhin “Ət-təharə” adlı əxlaq kitabını fars dilinə tərcümə etməyi ona təklif edir. Lakin geniş dünyagörüşə və dərin elmi biliklərə sahib olan Tusi bu kitabı tərcümə etməkdən imtina edir və “Ət-təharə” kitabında olmayan “Əxlaqın saflaşdırılması”, “Ev qurmaq və şəhərlər salmaq haqqında” fəsillər daxil etməklə özünün orijinal “Əxlaqi-Nasiri” adlı kitabını yazıb tamamlayır. Bu kitab 700 ildən artıq müddətdə orta və yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə edilib. Tusi bu kitabla özünü mahir müəllim, nəzəriyyəçi, pedaqoq, ustad olduğunu sübut edib.
Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində nəzəriyyə ilə təcrübənin, elmlə əməlin əlaqəsindən danışaraq göstərir ki, elm varlıqların həqiqətən necə olduqlarını düzgün müəyyən etməklə, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir. Əməl (metod) isə gizli qüvvələri ortaya çıxarmaq, müxtəlif sənət və peşə üçün göstərilən fəaliyyətdir. Bu şərtlə ki, bu fəaliyyət bəşəriyyətin qüdrətinin artmasına, onun təkmilləşməsinə səbəb olsun. Nəsrəddin Tusi belə hesab edirdi ki, əgər bu fəzilətin hər ikisi kimdə varsa, o ən müdrik insan, ən kamil alimdir. Belə adamın yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqedə durmalıdır.
“Əxlaqi-Nasiri” əsərinin “Məqsədlər haqqında” bölməsi əxlaqı saflaşdırmaq baxımından olduqca maraqlıdır. Bu bölmədə uşaqların fitri qabiliyyət və istedadından, təcrübə vasitəsilə əldə olunan peşə və vərdişlərdən, mühit və şəraitdən, uşaqlıq və gənclik dövründəki tərbiyədən, insanın formalaşmasında təlim və tərbiyənin oynadığı böyük roldan danışılır. Kitabda olan müdrik söhbətlər həyati misallarla nümayiş etdirilir.
Tusi tərbiyə işində əsas sima kimi müəllim və tərbiyəçilərin rolunu yüksək qiymətləndirir, onların yüksək təhsilli, elmli, əxlaqlı, tələbkar, mərhəmətli, şirin danışıqlı və ehtiramlı olmasını vacib hesab edirdi. Tərbiyə prosesində mənəvi təmizliyə, əxlaq saflığına, vicdan aydınlığına son dərəcə yüksək qiymət verən mütəfəkkir bu keyfiyyətləri uşaqlara kiçik yaşlarından aşılamağı lazım bilirdi. Tusi uşaqların əxlaq tərbiyəsində cəza, tərif, alqışlamaq, mükafat və şirnikləndirmək kimi rəğbətləndirmə vasitələrinə xüsusi yer ayırırdı.
“Əxlaqi-Nasiri” əsərində “Nəfsin sağlamlığı”, “Nəfsi xəstəliklərin aradan qaldırılması” kimi tərbiyə elmi üçün vacib olan fəsillər mühüm yer tutur. Burada qeyd edilir ki, uşaqların pis hərəkətlərinin səbəbini aşkara çıxarıb onları islah etdikdən sonra tərbiyə öz məqsədinə nail ola bilər. “Boyaqçı paltarı çirkdən təmizləməyincə, o lazım olan rəngi tutmaz”. Tusi nəfsi sağlamlığı qorumaq üçün sağlam ruhlu, tərbiyəli, namuslu, istedadlı, nəzakətli dostlarla oturub durmağı məsləhət görürdü. İnsan nəfsini sağlamlaşdırmaq üçün faydalı əməyi əsas şərt hesab edirdi. Tusi yazırdı ki, faydalı əməyi sevməyən adam gec-tez fəlakətlə üzləşməlidir.
“Əxlaqi-Nasiri” əsərində ailə quruluşu məsələsinə də xüsusi diqqət yetirilir. Tusi ailəni tam bir bədənə bənzədirdi. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edirdi. O göstərirdi ki, bədənin ayrı-ayrı hissələri ağrıdıqda, bütün bədən laxladığı kimi, ailə üzvlərinin də birinin tərbiyəsindəki naqislik bütün ailəni tar-mar edə bilər. Ona görə də ailə üzvlərinin hamısına eyni münasibət göstərmək, heç birinə üstünlük verməmək, onların arasında düzgün əmək bölgüsü aparmaq, ailədə möhkəm nizam-intizam yaratmaq kimi davranışları möhkəm ailənin dayaqları hesab edirdi. Tusi ideal tərbiyəli ailə yaratmaq üçün ev yeri seçməyi, ev tikdirməyi, ailəni saxlamaq üçün mal toplamağı, qənaətçil olmağı, evi idarə etmək qanunlarını bilməyi, qazandığı pulları simiclik etmədən ehtiyatla xərcləməyi gənclərə öyrətməyi vacib hesab edirdi.
Tusi “Əxlaqi-Nasiri” əsərində övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında da qiymətli fikirlər irəli sürüb. O, uşağın tərbiyəsində ən birinci cəhət kimi onda həya hissini oyatmağı zəruri hesab edirdi. Uşaqların tərbiyəsindən danışarkən onlara pul verməyi, maddi şeylərlə şirnikləşdirməyi qorxulu hal kimi qiymətləndirirdi. Tərbiyə üsulu kimi uşaqların şüuruna, idrakına təsir edən məntiqli söhbətlər aparmağı, tələbkarlıq və mehribanlıq göstərməyi, məhəbbət doğuran motivlərdən istifadə etməyi tövsiyə edirdi. Uşaqlara zorla yemək verməyi, bahalı paltar geyindirməyi tənqid edərək yazırdı ki, sadə geyim uşaqların həqiqi vəziyyətlərini göstərmək üçün əsas şərtdir. O, müəllim və tərbiyəçilərin uşaqların səliqəli və təmiz geyinməsinə, çox hərəkət etməsinə fikir vermələrini lazım bilirdi. Qeyd edirdi ki, uşaqlara elə tərbiyə vermək lazımdır ki, onlar ata-babalarından qalan var-dövlətlə lovğalanmasınlar, zəiflərə əl qaldırıb, güclülərə boyun əyməsinlər, tay-tuşlarına paxıllıq etməsinlər.
“Əxlaqi Nasiri” əsərində qızların tərbiyəsindən danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara cinsinə müvafiq faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi.
Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir. And içməyi, ümumiyyətlə pis adət hesab edən mütəfəkkir yazırdı ki, “bəlkə də böyüklərin yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı yoxdur”. Tusi tərbiyənin lap kiçik yaşlardan başlanmasını lazım bilərək yazırdı: “Sokratdan soruşurlar: Sən nə üçün həmişə yeniyetmələrlə həmsöhbət olursan? -deyir: ona görə ki, nazik tər budaqları düzəltmək asandır. Təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.
“Əxlaqi-Nasiri” əsəri bütün dövrlər üçün əhəmiyyətini itirməyən, təlim-tərbiyə, əxlaq və digər davranış qaydalarına dair qiymətli fikirlərlə zəngin olan əbədiyaşar bir əsərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin də daxil edilməsi kitabda öz əksini tapmış qiymətli fikirlərin öyrənilməsinin öz aktuallığı ilə seçildiyini və günümüzdə gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağını bir daha təsdiq edir .
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi