Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Şərur rayonunun aqrar sahəsi muxtar respublikada daxili bazarın yerli məhsullarla təminatında xüsusi çəkiyə malikdir. Arıçılıq isə kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir və bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır.
Şərur rayonunun təbii-iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, burada təsərrüfatın gəlirli sahəsi olan arıçılıq davamlı inkişaf etdirilsin, bal istehsalı ilə məşğul olanların sayı artsın.
Bunun nəticəsidir ki, 2018-ci ildə rayonumuzda arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin sayı 443-ə, arı ailələrinin sayı 8 min 409-a çatmışdır. Bu isə öz növbəsində bal istehsalı həcminin də artırılmasına müsbət təsir göstərmişdir. Ötən il 186 ton bal istehsal edilmişdir. Mütəxəssislər cari ildə bu rəqəmin azı 200 tona çatacağını proqnozlaşdırırlar.