Baharın gəlişi ilə əlaqədar yeni qayğılar artıq qapıları döyməkdədir. Bu günlər səhərin bir az isti, bir az mülayim və bir az da soyuq mehi üzümüzə sığal çəkərək, sanki bizi qışın ətalətindən ayırıb, yaz qayğıları ilə dolu Novruza yaxınlaşdırır. Qədim, qədim olduğu qədər də bəşəri dəyərlərlə zəngin olan Novruz bayramını - Bahar bayramını bu günlər nəinki Azərbaycan xalqı, bütün türk dünyası müxtəlif forma və üsullarla qeyd etməyə hazırlaşır.
Milli adət-ənənələrimizə, zəngin mənəvi dəyərlərimizə sadiq qalan xalqımız hər il öz milli bayramına xüsusi hazırlıq görür. Fevralın əvvəlindən böyükdən-kiçiyə hamı yaşayış yerlərində, ev-eşiklərdə, həyət-bacalarda, bağlarda-bağçalarda, məhəllələrdə, yol kənarlarında səliqə-sahman yaratmağa başlamışdır, yaşıllaşdırma, ağacəkmə kampaniyalarına, yaz-tarla işlərinə hazırlıqla bağlı işlər görülür.
Əslində, insanlarda ta qədimdən formalaşmış, yaddaşlara həkk olunmuş Novruz adət-ənənələri təbiətin oyanışı ilə bərabər, insanların gündəlik həyatına, məişətinə daxil olumuşdur.
Sözsüz ki, Novruzqabağı qeyd olunan dörd çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə daha maraqlıdır. Bu çərşənbələr əsasən Kiçik çillənin başa çatmasından sonra başlayır. Eldə-obada, kənddə-kəsəkdə hamının, hər evin təntənə ilə qeyd etdiyi bu çərşənbələrin ayrı-ayrılıqda müxtəlif mənaları vardır: Su çərşənbəsi həyat verirsə, Torpaq çərşənbəsi cücərtiləri oyadırsa, təbiəti minbir dona boyayırsa, Yel çərşənbəsi bütün təbiəti ayağa qaldırır, torpaqdan boylanan gül-çiçəyi yelləyib haray salır, yeni ilin, yeni nəfəsin gəldiyini xəbər verir, Bahar bayramının astanada olduğunu aləmə car çəkir. İlaxır çərşənbə -Od çərşənbəsi isə hərarət, isti nəfəs gətirir.
Boz ayın ilk çərşənbəsi xalq arasında «Əzəl çərşənbə» kimi tanınan Su çərşənbəsidir. Azərbaycan xalqının inancına görə, yazın nəfəsi öncə suya toxunur. Xalq arasında deyilir ki, bu gündən sulara ixtiyar verilir. Buna görə də bu çərşənbə suyun təzələnməsi ilə əlaqədardır. İnama görə, həmin çərşənbədə su oyanır, saflaşır, təzələnir. Eləki isti, hərarət suya düşdü, suların donu açılır.
İkinci çərşənbə Torpaq çərşənbəsidir. Bu çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açılması baş verir ki, bu da Novruzun xəbəri kimi başa düşülür. Torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. El arasında deyərlər ki, «istilik torpağa düşür». Torpaqdan buxar qalxır, deməli torpaq qızmışdır, yaz əkininə başlamaq olar. Xüsusən, yazlıq arpa yavaş-yavaş əkilməlidir. Evlərdə səməni elə bu çərşənbədə qoyulmalıdır ki, Axır çərşənbəyə hazır olsun.
Üçüncü çərşənbə olan Yel çərşənbəsinin mənası tamam başqadır. Həmin gün adət-ənənələrimizə uyğun olaraq günün birinci yarısında dünyasını dəyişmiş insanların qəbirləri ziyarət olunar, onların ruhuna dualar oxunar, təzə yaslı ailələrə baş çəkilər, necə deyərlər, onları yasdan çıxararlar. Qeyd edək ki, ta qədimlərdən bəri Azərbaycanda əcdad ruhlarının yad edilmə, xatırlanma günləri olub və bu gün də eyni ənənə davam etdirilir. Etiqada görə, həmin günlərdə ruhlar mənsub olduqları ocağa gəlir, anılıb-anılmamalarına göz qoyurlar. Odur ki, həmin günlərdə məhz ruhların şərəfinə xüsusi hazırlıq görülür, süfrə açılır, dualar söylənilir. Axşam şər qarışandan sonra isə tonqallar çatılır, evlərdə bayram süfrələri açılır, hamı deyib-gülür, şənlənir.
Sonuncu çərşənbə Od çərşənbəsi - İlaxır çərşənbədir. İlin və ayın son çərşənbəsi olduğuna görə Od çərşənbəsi digər çərşənbələrdən daha çox fərqlənir, daha artıq sevilir. O gündən sonra hamı Bahar bayramını -- Novruzu qarşılamağa tələsir. Artıq yaza həsrət güllər - novruzgülü, nərgiz, bənövşə torpaqdan baş qaldırır, Baharın müjdəçiləri olan quşlar bağda-bağçada cəh-cəh vurur. Hər yerdən Novruzun sorağı gəlir.
Həmin gün artıq Novruzun rəmzi sayılan səməni də böyüyür, həyət-bacada, ev-eşikdə təmizlənməyən, səliqə-sahmana salınmayan künc-bucaq belə qalmır. Müxtəlif şirniyyatlar, xüsusilə şəkərbura, paxlava, qoğal bişirilir, süfrəyə toyuqplov qoyulur. Od çərşənbəsinin özünəməxsus adətlərindən biri də həmin günə aid alqış-duaların çox olması, inancların zamanın sınağından çıxaraq bu günümüzə qədər gəlib çatması, geniş və kütləvi oyunların, qapı pusmanın, qapılara papaq atmanın, tonqal başına toplaşmanın bu gün də icra olunmasıdır.
İlaxır çərşənbə günü ertədən qohum-əqrabaya, qonum-qonşuda imkansız olan ailələrə bayram payı adı altında süfrəyə qoyulacaq nemətlər - düyü, ət, yağ, şirniyat və bişiriləcək digər nemətlərdən pay ayrılır. Hər evdə bayram könül xoşluğu ilə qeyd olunsun deyə, o qapını-bu qapını döyüb «İlaxır çərşənbən mübarək!», «İlaxır çərşənbə muradını versin!» və sair xoş sözlərlə ev yiyəsini sevindirərlər. Xüsusilə, axşamüstü şənlik səsi hər yeri bürüyür, binaların ətrafında çatılan tonqalların ətrafına xeyli insan toplanır. Heç kimi, «hava qaraldı, tez gəl», deyə evə çağırmırlar. Hər ailə üzvünün adına şam yandırılır, şamlar yarımçıq söndürülmür.
Çərşənbələriniz mübarək! Ulu Novruza gedən günlər hər birinizə sevinc, bəxtiyarlıq gətirsin. Süfrələriniz bol və bərəkətli, canınız sağlam, ömrünüz uzun olsun!
“Şərurun səsi” qəzeti