Muxtar respublikamızın torpaq-iqlim xüsusiyyətləri tərəvəz bitkilərinin ildə iki dəfə əkilməsinə, beləliklə, torpaqdan istifadənin səmərəliliyinin yüksəldilməsinə imkan verir. Bu sahəyə olan marağın və dövlət dəstəyinin nəticəsidir ki, 2018-ci ildə Şərur rayonunun torpaq mülkiyyətçiləri 34 min 246 ton tərəvəz məhsulu əldə etməyə nail olublar.
Əhalinin ilboyu keyfiyyətli və təzə tərəvəz məhsulları ilə təmin olunmasında istixanaların rolu böyükdür. Son illərdə muxtar respublikamızda, eləcə də Şərur rayonunda çoxlu istixana tikilib istifadəyə verilib.
İstixanaların tikintisində üst örtükdə şüşədən geniş istifadə edilir. Belə olan halda bitkilərdə fotosintez prosesi normal gedir, qurğular normal işıqlanır, işıq şüası istilik şüasına çevrilərək istilik effekti yaradır ki, bu da bitkilərin inkişafına müsbət təsir göstərir. Şüşə materialının üstünlüklərindən biri də budur ki, açıq sahədə 0 dərəcə temperatur olduqda istixanada təbii yolla 10-15 dərəcə temperatur yaranır və bitkiləri mənfi 4 dərəcə şaxtadan qoruya bilir.
İstixana qurulmasında şüşə materiallarından başqa, polietilen pərdələrdən də istifadə olunur. Belə istixanalarda bitkilər 1,5-2 dərəcə şaxtadan qoruna bilir. Bundan başqa, istifadəsi qısa müddətli olması, Günəş şüası və oksigenin təsiri ilə parçalanıb, bərkliyin itirilməsi polietileni şüşədən fərqləndirir. Ona görə də şüşə materialından istifadə etməklə becərmə işlərini rahatlıqla yerinə yetirmək olar.
İstixanalar torpağı münbit olan yerdə qurulmalıdır. Həm də seçilən sahələr yaşayış məntəqələrinə yaxın olmalıdır ki, istilikdən, elektrik enerjisindən və su ehtiyatlarından çətinlik çəkmədən istifadəyə imkan olsun. Yağış sularının içəriyə daxil olmaması üçün sahənin 3 tərəfindən kiçik arxlar çəkilməlidir.
Örtülü sahədə, yerli şəraitdən asılı olaraq, tərkibinə görə müxtəlif torpaqlardan istifadə olunur. İstixanalarda adətən peyin çürüntüsü və dənəvər, ələnmiş çim torpaqlarının 1-in 1-ə nisbətində qarışdırılmasından alınan torpaqdan istifadə edilir. Torpağın və peyin çürüntüsünün keyfiyyəti aşağı olsa, qarışıqda 1 hissə torpağa 2 hissə çürüntü götürülür. Çünki ən zəif çürüntü belə ən qüvvətli torpaqdan 5-6 dəfə münbitdir.
İri istixanalar üçün əsas torpaq çökəklik torflu, bəzən keçid tipli və yüksəklik torflu sayılır. Bu qarışığa 20-25 faiz çim torpağı da qatılır. İstixana torpaqları öz fiziki xüsusiyyətlərinə görə müəyyən tələbata uyğun olmalıdır. Xüsusilə, köklər yerləşən qatın qalınlığı, həcmi, çəkisi, üzvi maddənin faizi, duzların ümumi miqdarı, havakeçirmə ən aşağı və ən yuxarı göstəriciyə malik ola bilər.
Əsas diqqətçəkən sahələrdən biri də mineral gübrələrdən düzgün istifadə edilməsidir. Mineral gübrələr örtülü torpağa verildiyindən onlar maksimum dərəcədə qatı olmalıdır ki, miqdarca az işlənsin, tərkibində torpağı duzlaşdıran və fiziki xassələrini pisləşdirən maddələr olmasın. Məhsul halında yemləmədə istifadə olunan maddələr suda tam həll olmalıdır ki, suvarma-gübrələmə qurğularının gözlərini tutmasın. Adətən sadə mineral gübrələrdən istifadə edilir. Lakin mürəkkəb gübrələr, xüsusən azot, fosfor və kalium müəyyən nisbətlərdə hazırlanan kristal maddələrdən və onların yeni analoqu kimi həllolanlardan geniş istifadə edilir.
Onu da bilmək lazımdır ki, yüksək məhsul əldə olunmasının bir səbəbi istixanaların düzgün tikilməsidirsə, digəri əkiləcək tərəvəz bitkiləri üçün aqrotexniki qaydalara düzgün əməl olunmasıdır. Açıq sahədə torpaq qatı 30-50 santimetr qalınlığında olsa və ora ən yüksək dozalarla üzvi və mineral gübrələr verilsə məhsuldarlıq xeyli yüksələr. Lakin istixanalarda torpaqların qalınlığı 10-30 santimetr olduqda və ora böyük dozada gübrə verilirsə torpaq onu qəbul edə bilmir. Belə ki, həm gübrələr torpağın uducu kompleksinə keçə bilmir, həm su ilə yuyulub aparılır, həm də torpaqda duzlaşma baş verir. Ona görə də istixanalarda torpağa çox tez-tez xırda dozalarda gübrələr verilir. Ən yaxşısı odur ki, bir neçə material qarışdırılıb torpağa verilsin. Bunları hazırlamaq üçün torpaq, üzvi və mineral gübrələr, torf və digər materiallar müxtəlif nisbətdə qarışdırılır və istifadə edilir. İstixanalarda əsasən peyin çürüntülərindən, ələnmiş torpaqlardan, torpağı əvəz edən üzvi bitki mənşəli materiallardan olan ağac kəpəyi, küləş, saman və digər bitki qalıqlarından istifadə olunması yüksək məhsul əldə olunmasına gətirib çıxarar.
İstixanalarda yüksək məhsul əldə etmək üçün görülən işlərdən biri də həmin sahədə tərəvəz əkinlərinin növbələşməsidir. Çünki, növbəli əkinin əsas aqrotexniki əhəmiyyəti ondan ibarətdir ki, əkin zamanı bitkilərin düzgün növbələşməsi alaq otlarına, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericiləri ilə mübarizə aparılmasına, əkinlərə üzvi və mineral gübrələrin verilməsi vaxtının müəyyən edilməsi ilə bərabər, onların sərfedilmə normalarının azaldılmasına da təsir edir. Ona görə də istixanalarda əkiləcək tərəvəz əkinlərində xiyar bitkisinin yerinə pomidor əkilməsi bir-biri üçün əsas sələfdir.
Son vaxtlar istixanaların fəaliyyəti onu deməyə əsas verir ki, əldə olunan təzə tərəvəz məhsulları muxtar respublika əhalisinin bu ərzaqla təmin olunmasında mühüm rol oynayır. Bu da, ilk növbədə, başqa respublikalardan idxalı minimuma endirir. Qeyd edək ki, yerli istixanalarda yetişdirilən tərəvəz məhsulları həm də öz keyfiyyətinə, tamına, ən əsası, ekoloji təmizliyinə görə xaricdən gətirilənlərdən xeyli fərqlənir.
Xaliq Abbasov,
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı
“Şərurun səsi” qəzeti