Nəvələr, nəticələr baba-nənələrin həyatına təravət gətirir, yeni ömür qatırlar. Bir vaxtlar övlad üçün yaşayan baba-nənələr indi nəvələr üçün yaşayırlar. Nənə-babalarımızın ürək çırpıntıları zaman-zaman şifahi xalq ədəbiyyatı nümunələrinə çevrilib:
Bala şirin
Kim qatıb bala şirin?
Can hər şeydən əzizdir,
Candan da bala şirin.
Zamanın cilalanmış süzgəcindən süzülərək bizə gəlib çatan bu deyimdə candan da şirin olan balalardan, nəvələrdən söhbət açılır. Nazlama, oxşama, əzizləmələrlə böyüyən uşaqlarımız ilk günlərdən səmimilik və mehribançılıq ruhunda böyüyürlər. Atalar əbəs yerə deməyiblər: dövlətdə dəvə, övladda nəvə. Dəvə qədim dövrlərdə ailənin ən böyük dövləti hesab olunurdu və ən əziz qonağın şərəfinə dəvə kəsilirdi. Ailədə isə uşaqlardan da əziz nəvələr hesab olunur. Məişət nəğmələri qrupuna daxil olan laylalar, oxşamalar xalq arasında geniş yayılıb. Hər bölgənin, hər rayonun özünəməxsus layla və oxşamaları var. Laylalar əsasən ana və nənələrin körpə uşaqları yatırtmaq istərkən oxuduqları nəğmələrdir:
Bala dadı – bal dadı
Bala adam aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır.
Uşaqların rahat yuxulaması üçün oxunan bu nəğmələrdə nənələr nəvələrə arzu və istəklərini bildirirlər:
Laylay toyun qurbanı,
Kəsim qoyun qurbanı.
Sən yeri, mən də baxım,
Olum boyun qurbanı.
Balam laylay, a laylay,
Gülüm, laylay, a laylay.
Beşik başında uşağın rahat və tez yuxuya getməsi üçün xoş arzularını laylalarla söyləyən ana və nənələrin şirin avazı körpə dünyasına xoş bir təbəssüm bəxş edir. Nazı çəkilən övlada el-oba, Vətən üçün layiqli övlad olmağı arzulayan ana və nənələr uşaq oyanandan sonra onu əzizləmək, şənləndirmək məqsədilə oxşamalar deyirlər:
Qızım, qızım
Muncuğun düzüm.
O gün olsun
Toyunda süzüm.
Söylənilən oxşamalardan sonra uşaq yuxuda hiss etdiyi durğunluqdan, ətalətdən, susqunluqdan həyəcandan xilas olur, şənlənir:
Balama qurban olum,
Başına mən dolanım.
O, tezliklə yekələr,
Yurduna xeyir verər.
Nənənin arzusu nəvənin tez böyüyüb boya-başa çatmasıdır. Ona görə də onun söylədiyi oxşamalar şən, şux, nikbin ruhlu olur:
Altında xalça
Çalır kamança.
On dənə xonça
Gələr nəvəmçün.
Qayğı əhatəsində yaşayan nəvələri nənə-babalar gələcəkdə arzularına uyğun görmək istəyirlər.
Bəzi oxşamalarımızı isə bibilər, xalalar söyləyir. Uşaq nə qədər ətrafdan xoş sözlər eşitsə, bir o qədər şən ovqatlı olur:
Ömrə yaraşıq balam,
Laylama aşiq balam,
Gözümə işıq balam.
Danış sən şirin-şirin
Verim muştuluq, balam.
Heç də təsadüfi deyil ki, bibi, xala adı çəkilən oxşamalarımız da var.
Bibisi-üzüm giləsi,
Xalası-dağlar lalası.
Nənələrimiz həmişə evin böyüyü olublar, ailə üzvləri arasında mehribançılıq bağları yaradıblar. Naxçıvan torpağının təbiətindən asılı olaraq burada hamı şeir dilində danışmağı bacarır. Evdə nənə-babalardan, ailə yaxınlarından əzizlik görən uşaqlar məktəbdə müəllimlərdən aldıqları biliklərlə dünyagörüşlərini zənginləşdirir, xoş diləkli, saf əməlli kamil adam olurlar.
Sinəsi dolu, dedikləri şirin, qəlbi sazlı-sözlü nənələrimizin söz boğçası tükənməzdir. Açıldıqca-açılan bu boğçalardan ətrafa xoş ovqat, nur saçan dilək yayılır.
Tərlan Nəcəfova,
Ərəfsə kənd tam
orta məktəbinin müəllimi
“Arazın səsi” qəzeti